ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son vaxtlar efiri açanda elə bil konsert yox, “fitness sərgisi” başlayır. Müğənni kimi təqdim olunurlar, amma yadda qalan nə səs, nə mahnı, nə də sənət olur. Yadda qalan… bəli, yalnız “yenilənmiş” üzlər, “təkmilləşmiş” bədənlər və “filterdən sıxılmış” həyat fəlsəfələri.
Şəhla Həmidovanın dediyi kimi, elə “sənət adamları” var ki, adam müğənni adına görə utanır. Çünki biz müğənnini səsə görə sevmişdik, indi isə səsi tapmaq üçün “zoom” lazımdır. Səs o qədər ikinci plana keçib ki, mikrofon da artıq yalnız aksesuar funksiyasını daşıyır – çanta, sırğa kimi.
Bir vaxt vardı, müğənninin mahnısı dillərdə gəzərdi. İndi isə… dolğu markası, burun modeli, üz cizgilərinin əvvəl-sonra şəkli gündəm olur. Sən demə, biz illərlə səhv başa düşmüşük. Sənət əsəri mahnı yox, üz imiş!
Ən maraqlısı isə odur ki, bunu “cəsarət”, “özünü ifadə” adı ilə satırlar. Hər kəsin öz bədəni, öz seçimidir buna söz yox. Amma sənət adı ilə yalnız bədəni səhnəyə çıxarmağın adı seçim yox, fikir kasadlığıdır. Çünki bədəni dəyişmək asandır, amma sənəti formaya salmaq çətindir. Orada həkim yox, zəhmət lazımdır.
Və bir də bu məşhur sual var: “Niyə özünü yığdırmırsan?”
Bəlkə əvvəl səsi “yığdıraq”? Bəlkə mahnını “formaya salaq”? Bəlkə sənəti “qaldıraq”? Çünki bədən “ideal” olsa da, qulaq hələ də musiqi istəyir.
Əlbəttə, kiminsə üzünə, bədəninə yox, yalnız bu “şou mexanizminə” sataşırıq. Çünki problem estetikada yox, estetikanı sənətin yerinə keçirmək cəhdindədir. Sənət isə filtr qəbul eləmir. Orada botoks işləmir, orada plastik əməliyyat yoxdur. Orada yalnız zəhmət, istedad və dürüstlük keçir.
Səhnə idman zalı deyil, gözəllik müsabiqəsi deyil, “estetik klinika reklamı” heç deyil. Səhnə səsin, sözün, sənətin yeridir. Əgər bir gün yenidən müğənnilərimiz bədənləri ilə yox, mahnıları ilə yadda qalmağa başlasa, bax onda biz də rahat nəfəs alacağıq. Hələlik isə… efiri açanda həkimlərin də adını “qastrol afişası”na yazmaq lazımdır. Axı səhnədə ən çox çalışan onlar olur…
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.