AZ

Fransada fermerlər hava limanı qarşısında Aİ – MERCOSUR sazişinə etiraz edirlər

Paris, 12 yanvar, AZƏRTAC

Fransanın Havr (Le Havre) limanı ətrafında gərginlik yaşanır. Fermerlər və traktorlar limanın yaxınlığında mövqe tutaraq xaricdən gətirilən məhsulların Fransaya daxil olmasının qarşısını almağa çalışır. Etirazçılar limandan çıxan bütün yük maşınlarını yoxlamaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bu aksiyalar Avropa İttifaqı (Aİ) ilə MERCOSUR ölkələri (Braziliya, Argentina, Uruqvay və Paraqvay) arasında azad ticarət sazişinin səs qoyulmasından sonra başlayıb.

Bu saziş Fransa tərəfindən səsə qoyulmayıb. Buna baxmayaraq, fransız fermerlərinin qəzəbi səngiməyib və ölkə üzrə bir sıra regionlarda etiraz aksiyaları keçirilir. Havr limanını bloklamaq cəhdi də həmin aksiyalardan biridir.

Fermerlər liman yaxınlığındakı dairəvi yol ayrıcında yerləşiblər. Bu nöqtə idxal olunan malların limandan çıxaraq bütün Fransaya paylanması üçün demək olar ki, məcburi keçid hesab olunur. Etirazçılar yük maşınlarını saxlayaraq daşınan məhsulların mənşəyini və keyfiyyətini yoxlamaq istəyirlər. Etirazçılar üçün Havr limanı həm də rəmzi məna daşıyır. Bu liman Fransanın ən böyük limanıdır və MERCOSUR sazişi qüvvəyə minərsə, Cənubi Amerikadan gələn məhsulların əsas giriş nöqtəsinə çevriləcək.

Etriaz aksiyası keçirən fermerlər bildirirlər ki, Fransadakı standartlardan daha aşağı normalarla istehsal edilmiş ərzaq məhsullarını daşıyan hər bir yük maşını saxlanılacaq. Fermerlər hazırda da Fransa standartlarına cavab verməyən məhsulların idxal olunduğunu deyirlər. MERCOSUR sazişinin isə gömrük rüsumlarını azaltmaqla bu cür məhsulların daha ucuz və kütləvi şəkildə ölkəyə daxil olmasını asanlaşdıracağına inanırlar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sazişi yanvarın 17-də imzalamağı planlaşdırsa da, fermerlər hələ də ümidlərini itirməyiblər. Onların fikrincə, kütləvi səfərbərlik vəziyyəti dəyişə bilər. Bu məqsədlə yanvarın 20-də Avropa Parlamentinin qarşısında yeni bir nümayiş planlaşdırılır. Parlament Avropa Ədalət Məhkəməsinə müraciət edərək sazişin icrasını dayandıra və ya onu təsdiqləməkdən imtina edə bilər.

 

Seçilən
25
1
azertag.az

2Mənbələr