AZ

İranın sərvətləri qərbin maraqlarına yönələcək ŞƏRH

ain.az bildirir, Sia Az portalına istinadən.

"İrandakı hadisələr indi qeyri-müəyyənlik dövrünə daxil olmaqdadır. Çünki etirazların davam etməsi və rejimin etirazlara qarşı artıq güc tətbiq etməyə başlaması, üstəlik, hazırda rejimin etirazçıları "terrorçu", "kənardan maliyyələşən", "vətən xainləri" və s. kimi təqdim etməsi ilə onların daxildə gözdən salınması istiqamətində informasiya müharibəsi aparılır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bunun qarşılığında isə ABŞ-dan mümkün zərbələrin ehtimalının artması fonunda hadisələrin necə inkişaf edəcəyini demək çətindir: "Bu nöqtədə Azərbaycan tərəfi də nəzərə almalıdır ki, İrandakı hadisələr iki pis seçim üzərindən davam edir. Hazırkı rejim İran xalqını, xüsusilə oradakı soydaşlarımızı düşünmür.

Onların maraqları, haqları, hüquqları, insan kimi yaşayışları rejimi maraqlandırmır. Əgər ABŞ tərəfindən hər hansı bir zərbə endirilərsə və rejim dəyişərsə, yerinə gəlməsi ehtimal olunan Pəhləvi və ya alternativ bir şəxsin quracağı yeni rejimin də soydaşlarımız üçün faydalı olacağını düşünmək olmaz. Pəhləvi türk düşmənidir və türk kimliyini hər zaman təhlükə olaraq görüb. Bu mövqe gələcəkdə də davam edəcək. Əgər rejim dəyişsə də, qərbin təşkilatçılığı ilə hakimiyyətə gətiriləcək şəxslər də azlıqların, o cümlədən türklərin hüquqlarını tanımaq istiqamətində real addımlar atmayacaqlar.

Onların əsas hədəfi İranın sərvətlərini qərbin maraqlarına uyğun yönəltmək olacaq. ABŞ-ın digər bölgələrdə tətbiq etdiyi siyasətlər buna sübutdur. Azərbaycan dövləti bu məsələyə nə indiki rejim, nə də qərbin dəstəklədiyi üsyançılar prizmasından baxmamalıdır. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, əsas məsələ İranda yaşayan 30 milyondan çox soydaşımızın hüquqları, təhlükəsizliyi və layiqli yaşamasıdır. Hər iki tərəf – istər rejim, istərsə də müxalifət – soydaşlarımıza qarşı hər hansı bir zorakılığa yol verərsə, Azərbaycan tərəfi çəkindirici mövqe ortaya qoymalıdır. Eyni zamanda Azərbaycan və Türkiyə koordinasiyalı şəkildə bölgədəki hadisələri diqqətdə saxlamalıdır. Rejim qalsa da, dəyişsə də, bu proseslər Cənubi Qafqaz və Yaxın Şərq üçün ciddi nəticələr doğura bilər. Bu səbəbdən hərbi, siyasi, iqtisadi və digər sahələr üzrə ehtimallar öncədən hesablanmalı, bütün ssenarilərə qarşı planlar hazırlanmalıdır. Proseslər istənilən anda nəzarətdən çıxa və genişmiqyaslı qarşıdurmalara çevrilə bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
sia.az

2Mənbələr