AZ

Avropalaşmaq meylimizin bəhrəsi...

ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropaya doğru çıxdığımız yolçuluqda arxada qoyub üzərindən irəliyə addımladığımız məsələlərdən biri də dünyaya gələn uşaqların hər il sayının azalmasıdır. Bu say o qədər azalıb ki, indi üçuşaqlı ailələr barmaqla göstəriləcək qədər qalıb. Müasir ailələrimizdə iki uşaq, son vaxtlar isə bir uşaqla kifayətlənmək bizim hələ bir neçə illər öncəki avropalaşmaq meylimizin bəhrəsidir. Hansı ki, artıq budur, meyvəsini dəririk.

Tanıdığım yaşlı bir qadın var, mama-tibb bacısıdır. O deyir ki, ailədə iki uşaqla kifayətlənmək tamamilə səhv fikirdir. Həmin ailə fikirləşməsin ki, biz dünyaya insan bəxş etdik. İki uşaqdan biri ata, biri anadır. Əgər ailədə üçüncü uşaq varsa, bu, artım sayıla bilər.

Nə qədər doğru söylənmiş fikirdir. Dəfələrlə təsadüf etmişik ki, ailələrdə iki övladdan biri ya xəstəlikdən, ya da hansısa qəza nəticəsində dünyasını dəyişir, o biri uşaq tək qalır, bundan böyük travma alır. Bu, həm də uşaqların psixoloji durumuna ciddi təsir göstərir. Qardaş və ya bacısını itirən uşaq əgər ailədə üçüncü uşaq olarsa, onunla təsəlli tapar, əks təqdirdə onun vəziyyətini düşünmək heç də çətin deyil. Belə uşaqlar üçün gələcək həyat daha dözülməz olur. Çünki onlar tamamilə tək qalırlar.

İki övladından birinin oğlan olması ilə kişi artıq ailə üzvlərinin daha da artmasında maraqlı olmur. Çünki onun artıq oğlu var. Hər bir kişinin arzusunda olduğu, doğulmasını səbrsizliklə gözlədiyi oğlu. Elə ki, birinci və ya ikinci uşaq oğlan oldu, deməli, kişilər arzularına çatdılar. Onlar daha ailə artımı barədə düşünmürlər.

Məsələnin bu tərəfi üçün məhz qadınlar günahkardır. Çünki qadın həm də anadır. Övladının bu gününü və gələcəyini düşünmək kişilərdən çox qadınlara bəxş olunan hissdir. Bu səbəbdən də qadınlar iki uşaqla kifayətlənməməlidir. Lakin onlar işlərinin yüngül olması, karyera dalınca gedə bilmələri, daha çox əziyyət çəkməmələri üçün USM-lərin köməkliyi ilə ailə planlaşdırması tərtib edərək bu kimi problemlərin yaranmasına rəvac verirlər. O problemlər ki, əhali sayının da, ailədə uşaq sayının da artımına və bunun yaratdığı problemlərə ciddi şəkildə təsir göstərir. Əslində isə dünyaya uşaq gətirmək, onun qayğısına qalmaq, gözəl tərbiyə verib böyütmək valideynlərin, xüsusilə də anaların üzərinə düşən mühüm vəzifədir. Digər işlər, karyeralar isə bundan sonra düşünülməlidir.

Axı biz ailə dəyərlərimizə bu cür münasibət bəsləyə-bəsləyə onu cılızlaşdırırıq. Ailəyə iki övlad bəxş etməklə ölkəmizin əhali sayına, inkişafına zərbə vurmuş oluruq. Mənsub olduğumuz kökün, nəslin getdikcə azalmasına, yoxa çıxmasına şərait yaradırıq...

Bu məsələdə selektiv abortların da özünəməxsus rolu var. Selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir. Qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, biz Gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.

Selektiv abortların çoxalmasında, dünyada ölkəmizi birinci etməsində, oğlan və qız balansının pozulmasında, bunun gələcəkdə böyük problemlərə səbəb olmasında hər birimiz günahkarıq. Biz illər öncədən bu xalqa məxsus milli adət-ənənələrdən yola çıxmalıydıq. Həmin yolda insanlığa balta çalan bu yeniliyi baltalamalı, onun inkişafının, yayılmasının qarşısını almalıydıq.

Bu gün son illərin statistikasına nəzər salanda bütün illərdə doğulan uşaqlar arasında oğlanların qızlardan artıq olmasını müşahidə edirik. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək.

Bu gün Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması artıq səhiyyə sistemində həyəcan təbili çalınmasının vaxtının ötdüyünü göstərir. Selektiv abortlar indiyədək niyə qadağan olunmayıb? Görəsən bunun qarşısını nə kəsib? Çünki kiminsə haqqı deyil dünyaya gətirəcəyi uşağın cinsini əvvəlcədən bilsin. Heç kimin də bunu bilməməklə hüququ pozulmur. Bəs belə isə bu növ abort nə üçün qadağan olunmur?

Oğlanların sayı artır, qızların sayı dəfələrlə azalır. Biz gələcəkdə ana olacaq qız tapa bilməyəcəyik. Bir əmili, xalalı uşaq görməyəcəyik. Ən dəhşətlisi isə bacısız və qardaşsız bir cəmiyyətə doğru gedirik. Bu barədə düşünmək hələ də gec deyil...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
sesqazeti.az

1Mənbələr