AZ

Ermənistanın bu məhsulları Azərbaycanda satıla bilər - Siyahı

İrəvan və Bakı Ermənistandan Azərbaycana bir sıra məhsulların ixracı imkanları ilə bağlı danışıqlar aparır. Bunu Ermənistanın iqtisadiyyat naziri Kevork Papoyan ölkə mətbuatına istinadan bildirib. 

Papoyan deyib ki, müzakirə olunan məhsullar sırasında alüminium folqa və folqa xammalı, ferromolibden, ev heyvanları, konyak istehsalı üçün xammal, tütün və toxunmuş məmulatlar yer alır.

Nazirin sözlərinə görə, Azərbaycanda konkret məhsulların idxalında maraqlı olan şirkətlər mövcuddur.

“Azərbaycan tərəfi onları maraqlandıran məhsulların siyahısını təqdim edib, biz isə ixrac edə biləcəyimiz həcmləri göndərmişik. Siyahıya həmçinin güllər və istixana məhsulları – pomidor, bibər də daxildir. Təxmini qiymət təklif etmişik”, – Papoyan bildirib.

O əlavə edib ki, ixracın vaxtı hələ dəqiqləşdirilməyib və tədarük Ermənistan və Azərbaycan şirkətləri arasında razılaşmadan sonra mümkün olacaq.

2025-ci ildə Azərbaycan ərazisindən keçən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl daxil olub. Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir. Həmçinin 1 210 ton Azərbaycan benzini idxal edilib.

Nazirin sözlərinə görə, 8 yanvar 2026-cı il tarixinə olan məlumata əsasən, dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana 8 485 ton Rusiya taxılı çatdırılıb, 4 103 ton isə yoldadır.

Eyni zamanda, 7 600 ton Azərbaycan neft məhsulu, o cümlədən 6 100 ton benzin və 1 500 ton dizel yanacağı idxal olunub.

Gülnar Nazimqızı 

Seçilən
49
1
anews.az

10Mənbələr