AZ

“Müqəddəs statusda qalmağa davam etmək çoxmu çətindir?”

 

2023-cü ili yola salırıq. Azərbaycan tarixində 2020 və 2023-cü illər uğurlu və tarixə qızıl hərflərlə yazıldı. 2023-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandan kimi onun qurduğu nizami ordu sayəsində torpaqlarımız işğaldan azad edildi. Dövlət şəhid və qazi ailələrinə yardımlar etdi, aylıq prezident təqaüdləri verildi, bir sözlə, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün səylər göstərildi, bundan sonra da göstəriləcək.

Müharibə bitdi, qəhrəman oğullarımızı gül-çiçəklə, böyük ehtiramla qarşıladıq.

Tarixçilər yazır ki, istər 2-ci dünya müharibəsi, istərsə də Vyetnam müharibəsindən qayıdan əsgərlərdə psixoloji travmalar yaranıb, cəmiyyətə qaynayıb-qarışmağa 1 il vaxt gedib. Lakin 44 günlük müharibədən 3 il keçməsinə baxmayaraq, bəzi qazilərimiz cığal uşaq obrazı yaratmaqda davam edirlər. Əvvəlcə növbələrdə hay-küy saldılar, "mən qaziyəm" deyib dövlət müəssisələrinin qapısını təpiklə açanlar da tapıldı. Tamaşa bununla bitmədi. Avtomobillərə "Qazi" yazıldı. Ona görə yazıldı ki, qaydaları rahatlıqla pozsun, yol polisi üzünü o yana tutsun. Hələ qazilərin qohumları da imtiyazlardan yararlanmağa çalışdılar. Bu dəfə avtomobillərə "qazinin xalası oğlu", "qazinin əmisi oğlu" yazıldı. Niyə? Nə xəbərdir? Torpaqların işğaldan azad olunmasında ona görə iştirak etmisən ki, qanunsuzluq, özbaşınalıq göstərəsən?

Bu Vətən kimliyindən asılı olmayaraq qanunsuz addımlar atanları sevmir. Gözümüz üstündə yeriniz var, ictimai nəqliyyatda da yaşlı adamlar sizə oturmağa yer verir, xeyir işlərdə, tədbirlərdə də çıxış üçün birinci söz sizə verilir. Bu, hörmət anlayışı üçün edilir. Qanunsuzluq etməyə zəmin hazırlanmır.

Yaxşı ki, belə qazilər azdır. Və yaxşı ki, ictimai qınaq çoxalır. Son vaxtlar sosial şəbəkələrdə də qınaq xarakterli statuslar çoxalmaqdadır. Niyə sizə olan hörməti gözdən salırsız? Müqəddəs statusda qalmağa davam etmək çoxmu çətindir?

Dəfələrlə canlı açıb vəziyyətinin pis  olduğunu deyənlərin işini araşdıranda məlum olur ki, ona torpaq sahəsi də verilib, aylıq təqaüd də ayrılıb.

Bu günlərdə Bərdə rayon sakini Calahani Fəxri Firdovsi oğlu şikayətlənir ki, onu SOCAR-a işə götürmürlər. Adam, SOCAR strateji əhəmiyyətli yerdir, ora ixtisaslı adamlar götürürlər. Nəinki ixtisaslı, hətta əqli, psixoloji vəziyyətin yoxlanmasına qədər incə detallara əməl edilir. Dövlət təhlükəsizliyi baxımından sınanılmış, dəfələrlə yoxlanmış şəxsləri işə götürürlər. SOCAR müharibə deyil ki, orada vuruşasan, onun öz qaydaları var. Bir insan bu sahəni oxumayıb, neftin çıxarılmasına qədər elementar bilgilərə malik deyil, dirənib ki, mütləq SOCAR-da işləməlidir. Adam videoda deyir ki, Neft Şirkətinin insan resursları bölməsindən onu qəbul ediblər. Bir var ki başdan edib qəbul etməsinlər, bir var özünün dediyinə görə dəfələrlə qəbul ediblər, izah ediblər ki, sizin SOCAR-a işə düzəlməyiniz üçün elementar bilgilər çatışmır, məsələn, neft quyuların elektrik montyorluğunu da bilmirsən. Calahani Fəxri dirənib ki, yox, mütləq SOCAR-da işə düzəlməlidir, vəssalam. Qazi maddi vəziyyətinin pis olmasını deyir, sadə adamların xəbəri yoxdur ki, bu şəxs 1 dekabr 2022-ci ildən aylıq prezident təqaüdü alır. Məşgulluq proqramının "Avtomobil şinlərinin təmiri və bərpası" zərfi üzrə avadanlıqla təmin olunub. Budur maddi vəziyyətin pis olması? Yəni, adamları aldatmaq nə qədər insafdandır?

Adamlar qəhrəmanları sevir. Amma sui-istifadə edənləri, doğma qardaşı da olsa, sevmir. Şantaj, yalan uğurlu yol deyil, ömrü az olur, çox da getmir. Gözümüzdəki ucalıqda qalın. Onda adamların gözünün üstündə yeriniz olacaq.

Azər Qismət

Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
657
1
qafqazinfo.az

10Mənbələr