“Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir: “Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir.
Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır”.
“Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir.
Onu da bildirməliyəm ki, son 20 il ərzində həyata keçirdiyimiz layihələrdən biri də tamamilə yenidən qurulmuş Oğuz-Qəbələ-Bakı su kəməridir. Əgər bu su kəməri tikilməsəydi, bu gün Bakıda su qıtlığı özünü çox ciddi şəkildə göstərmiş olardı.
Qeyd etdiyim kimi, proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 2035-ci ilə qədər nəzərdə tutulur.
Biz hesab edirdik ki, bunu daha da tez bir zamanda etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”, - Prezident əlavə edib.
"Cebheinfo.az"