Abşeron yarımadasının bir sıra yaşayış məntəqələrində məişət suyu təminatı, kanalizasiya sistemi və alternativ su mənbələri kifayət qədər inkişaf etməyib. Məhəllədaxili və binadaxili su şəbəkələrinin köhnəlməsi, sayğac əsaslı uçot sisteminin tam başa çatmaması və kanalizasiya infrastrukturunun məhdudluğu əhalinin su ilə fasiləsiz təminatına və tullantı sularının idarə olunmasına mənfi təsir göstərir. Su təchizatının dayanıqlığının artırılması, itkilərin azaldılması və fasiləsiz xidmətin təmin edilməsi üçün mövcud infrastrukturun müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi vacibdir.
“İki sahil” xəbər verir ki, bu barədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Bu məqsədlə Sumqayıt şəhərində yaşayış məntəqələrinin su və kanalizasiya ilə tam təmin olunması,məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması və sayğac əsaslı uçot sistemlərinin tətbiqi, “Bakı Ağ Şəhər” ərazisində əhalinin fasiləsiz içməli su və kanalizasiya xidmətlərinə çıxışının artırılması, Abşeron yarımadasının 64 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin qurulması həyata keçiriləcək.
Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, məişət və kanalizasiya xidmətləri ilə əhatə olunan əhali sayının artması,məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi, sayğac əsaslı su uçotu sistemlərinin tətbiqi ilə su istehlakının effektiv idarə olunması nəzərdə tutulur.