Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu gün baş verən etiraz aksiyaları, rejim dəyişikliyinə şağırışlar səbəbilə bütün dünyanın diqqətləri İrana yönəlib. Hazırda yüzlərlə insanın öldürüldüyü, minlərlə şəxsin isə həbsə atıldığı bildirilir. Baş verənləri isə Azərbaycan daha yaxından izləyir. Çünki bu ölkənin əhalisinin yarısından çoxu azərbaycanlılardır.
İran İslam Respublikasında etnik azərbaycanlıların dövlət idarəçiliyində rolu uzun illərdir həm ölkə daxilində, həm də regionda müzakirə mövzusudur. Rəsmi Tehran etnik kimlik məsələsində açıq statistika təqdim etməsə də, mövcud faktlar göstərir ki, hazırda ölkənin ali siyasi, dini və inzibati strukturlarında azərbaycanlı mənşəli şəxslər az deyil.
Modern.az-ın apardığı araşdırma İran hakimiyyətinin müxtəlif pillələrində azərbaycanlı kökənli fiqurların təmsilçiliyini ortaya qoyur.
Ali dini lider və prezident: diqqətçəkən məqamlar

Hazırda İranın prezidenti olan Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Prezidentin milliyyətcə azərbaycanlı olması ilə bağlı məsələ mübahisə doğurmur. Pezeşkian özü dəfələrlə açıq çıxışlarında azərbaycanlı olduğunu bildirib və bu fakt İran mediasında da yer alıb.
Ölkənin əsas siyasi-dini fiquru, Ali dini lider Seyid Əli Xamenei ilə bağlı da oxşar müzakirələr aparılır. Xameneinin dəfələrlə azərbaycanca çıxış etməsi, eləcə də Şərqi Azərbaycanın Xamnə şəhərindən olması onun etnik mənsubiyyəti ilə bağlı iddiaları gücləndirir. Rəsmi səviyyədə bu məsələ vurğulanmasa da, Xameneinin azərbaycanlı köklərə malik olduğu geniş şəkildə dilə gətirilir.
Parlamentdə azərbaycanlılar

İran parlamentində azərbaycanlı kimliyi ilə tanınan bir neçə nüfuzlu siyasətçi fəaliyyət göstərir.
Onlardan biri də Əhməd Əlirza Beygidir. O, Təbriz, Azərşəhr və Osku dairəsindən deputatdır. O, Güney Azərbaycandan olan və açıq şəkildə azərbaycanlı kimi tanınan siyasi fiqurlardandır. Bu fakt həm İran mediasında, həm də parlamentin rəsmi bioqrafik məlumatlarında qəbul olunur.
Ruhullah Mütəfəkkir-Azad da Güney Azərbaycandan olan və İran parlamentində azərbaycanlı kimliyi ilə tanınan deputatlardandır.
İran parlamentində yüksək post tutmuş azərbaycanlı fiqurlardan biri isə Əli Nikzaddır. O, hazırda İran İslam Şurası Məclisinin birinci müavini, yəni parlament sədrinin əsas müavini və vitse-spikeri kimi fəaliyyət göstərir. Bu vəzifə qanunverici orqanın rəhbərliyində ən yüksək postlardan biri hesab olunur.
İcra hakimiyyətində: Şərqi Azərbaycanın rəhbəri

İranın strateji bölgələrindən sayılan Şərqi Azərbaycan vilayətinə hazırda Bəhram Sərməst rəhbərlik edir. O, 2024-cü ilin payızında bu vəzifəyə təyin olunub. Valinin azərbaycanlı olması bölgənin etnik tərkibi baxımından diqqətçəkən məqam kimi qiymətləndirilir.
Milli təhlükəsizlik və diplomatiya

Diqqətçəkən məqamlarından biri də təhlükəsizlik və xarici siyasət sahəsində azərbaycanlı kadrların mövcudluğudur.
Vahid Cəlalzadə hazırda İran Xarici İşlər Nazirliyində nazir müavini vəzifəsini tutur. O, Urmiyada anadan olub, daha əvvəl İran parlamentinin deputatı və Qərbi Azərbaycan vilayətinin qubernatoru kimi fəaliyyət göstərib.
Nazirlər

İqtisadiyyat və maliyyə naziri Abdul Nasser Himmeti
Abdülnəsir Hemməti İranın iqtisadi idarəçiliyində uzun illərdir mühüm rol oynayan simalardandır. O, Həmədan vilayətinin Kabudarahang şəhərində dünyaya gəlib. Himmeti peşəkar iqtisadçı kimi tanınır və müxtəlif dövrlərdə bank sektorunda, hökumətdə yüksək vəzifələr tutub.
O hazırda İran Mərkəzi Bankının sədri vəzifəsini icra edir. Bundan əvvəl isə İqtisadiyyat və Maliyyə naziri postunda çalışıb. Sanksiyalar altında olan İran iqtisadiyyatının idarəsi məhz onun üzərinə düşür ki, bu da vəzifənin strateji əhəmiyyətini göstərir.
Kənd təsərrüfatı naziri - Qulamrza Nuri
Qulamrza Nuri 2024-cü ildən etibarən İranın kənd təsərrüfatı naziri vəzifəsini tutur. Bu nazirlik İran kimi aqrar potensialı böyük olan ölkə üçün strateji əhəmiyyət daşıyır. Nuri daha əvvəl parlament üzvü kimi də fəaliyyət göstərib və bölgə deputatı olub.
Müdafiə naziri - Əmir Əziz Nəsirzadə
İranın güc strukturlarında da azərbaycanlı mənşəli şəxslər yüksək mövqelərə yüksəlib. Onlardan biri Əmir Əziz Nəsirzadədir. O, Şərqi Azərbaycanın Sərab şəhərində doğulub.
Nəsirzadə peşəkar hərbçi kimi uzun yol keçib. O, müxtəlif illərdə İran Hava Qüvvələrində və digər hərbi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən etibarən İranın Müdafiə, Silahlı Qüvvələrə Dəstək və Logistika naziri postunu tutur.
Bu vəzifə İranın regional təhlükəsizlik strategiyasında həlledici rol oynayır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.