Bakı, 12 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Son illərdə ikitərəfli əlaqələrin fəal inkişafı və liderlər səviyyəsində ölkələr arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə Bakı və Pekin arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsi müşahidə olunur.
Bu barədə AZƏRTAC-ın saytında yayımlanan "Azərbaycan və Dünya" proqramının son bölümündə iqtisad elmləri doktoru və Gürcüstanın Çindəki sabiq səfiri David Aptsiauri bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanın Çinlə əməkdaşlığı həmişə strateji əhəmiyyət kəsb edib.
“Əvvəllər əməkdaşlıq daha çox iqtisadi məsələlərə yönəlmişdisə, indi yeni sahələr yaranır. Beynəlxalq əməkdaşlığın və qlobal layihələrin sayının artması, eləcə də Azərbaycanın regionda artan əhəmiyyəti maraqlı layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır”, - deyə ekspert izah edib.
O, ölkələr arasında ticarətin 2018-ci ildəki 1 milyard dollardan azı 3 milyard dollara çatdığını, sənaye və enerji layihələri də daxil olmaqla qoyulan investisiyaların həcminin artdığını vurğulayıb. “Bu əməkdaşlığın indi xidmət və nəqliyyat daşımalarından daha geniş sahələri əhatə etməsi vacibdir”, - deyə sabiq səfir əlavə edib.