Luvr Muzeyi işçilərinin tətili səbəbindən ziyarətçilər üçün bağlanıb
2025-ci ildə baş verən soyğunçuluq hadisəsi ilə gündəmə gələn Fransadakı dünyaca məşhur Luvr Muzeyi, işçilərinin daha bir tətili səbəbindən ziyarətçilər üçün bağlı qalacaq.
Muzey rəhbərliyi yazılı açıqlamasında işçi çatışmazlığı səbəbindən bu gün qapılarını ziyarətçilərə açmayacağını açıqladı.
Luvr Muzeyinin işçiləri 2025-ci ilin dekabr ayından bəri muzeydəki iş şəraiti və təhlükəsizlik problemləri səbəbindən vaxtaşırı tətil edirlər.Noyabrın 26-da Luvr Muzeyindəki Misir antikvarlarının saxlanıldığı otaqlardan birində təsadüfən açılan klapan yüzlərlə əsərə zərər verdikdən sonra su sızması baş verdi.
Luvr Muzeyindəki texniki nasazlıqlara və əlverişsiz tikinti şəraitinə diqqət çəkən həmkarlar ittifaqları, daşqın kimi qəzaların binanın baxımsızlığından qaynaqlandığını və proqnozlaşdırıla biləcəyini iddia edərək, rəhbərliyi lazımi tədbirləri görməməkdə günahlandırdılar və 15 dekabrda tətil elan etdilər.
15 dekabr tətilindən sonra, 5 yanvarda muzeyin müxtəlif şöbələrindən təxminən 350 işçi həmkarlar ittifaqlarının çağırışı ilə yenidən tətil elan etmək qərarına gəldi. Tətil muzey xidmətlərinə mənfi təsir göstərdi və Mona Liza rəsminin nümayiş olunduğu qalereya da daxil olmaqla bəzi sərgilər ziyarətçilər üçün qismən bağlandı.
Hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35.000 əsər nümayiş etdirən Parisdəki dünyaca məşhur muzey 19 oktyabr 2025-ci ildə qarət edildi.
Soyğun zamanı Apollo Qalereyası kimi tanınan Kral Zərgərliklərinin nümayiş olunduğu hissədən doqquz "qiymətsiz" əsər oğurlandı. Oğruların qaçış zamanı atdığı güman edilən III Napoleonun həyat yoldaşı İmperatriça Yevgeniyaya məxsus tac daha sonra muzeyin xaricində zədələnmiş vəziyyətdə tapıldı. Səkkiz tarixi dəyərli zərgərliklə qaçan dörd oğru tərəfindən həyata keçirilən soyğunçuluq cəmi yeddi dəqiqə davam etdi.
Auditorlar Məhkəməsi tərəfindən hazırlanan ilkin hesabatda muzeyin təhlükəsizlik standartlarına cavab verən texniki avadanlıqla təmin edilməsində "daimi" və "əhəmiyyətli" gecikmələrin olduğu və bu da təhlükəsizlik zəifliyi yaratdığı bildirilirdi.
Soyğundan sonra Luvr Muzeyində nümayiş olunan bəzi zərgərlik əşyaları milli mərkəzi bank olan Fransa Bankına köçürüldü.
Luvr Muzeyindən tarixi əsərlərin soyulması ilə əlaqədar olaraq 29 oktyabrda iki nəfər, 2 noyabrda isə üçüncü şübhəli həbs edildi. Oğurlanmış əsərlərin dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.
aia.az
Tərcümə şöbəsi