AZ

Aİ ölkələrinin hava limanlarında idarəetmə problemləri ilə bağlı uçuş gecikmələri artır

Budapeşt, 12 yanvar, AZƏRTAC

Son aylarda Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava limanlarında uçuş gecikmələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Mütəxəssislərin bildirdiyinə görə, bu gecikmələrin əsas səbəbləri hava şəraiti ilə deyil, struktur və idarəetmə problemləri ilə bağlıdır. Ən çox rast gəlinən amillər arasında hava hərəkətinə nəzarət xidmətlərində kadr çatışmazlığı, texniki nasazlıqlar və tətil aksiyaları yer alır.

Xüsusilə yay mövsümündə sərnişin axınının kəskin artması mövcud infrastrukturun yüklənməsinə səbəb olur. Bir sıra ölkələrdə hava hərəkəti dispetçerlərinin iş qrafiklərinin məhdudlaşdırılması gecikmələri daha da artırır. Bundan əlavə, bəzi hava limanlarında köhnəlmiş texniki sistemlərin yenilənməməsi əməliyyatlarda ləngimələr yaradır.

Avropa Komissiyası problemin həlli üçün üzv dövlətləri hava nəqliyyatı sektoruna investisiyaları artırmağa çağırıb. Sərnişin hüquqlarını müdafiə edən təşkilatlar isə aviaşirkətlərin məlumatlandırmanı daha şəffaf aparmalı olduğunu vurğulayır.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Budapeşt

Seçilən
48
1
azertag.az

2Mənbələr