AZ

65 000 min dollar borc götürdüm… – Everestə qalxan ilk azərbaycanlı qadın alpinist

Əvvəlcə bələdçimə yazdım ki, Everest zirvəsinə çıxmaq istəyirəm, cavab verdi ki, gəlirsənsə, gəl. Birlikdə dünyanın ən hündür vulkanik dağı olan Ojos del Salado zirvəsinə qalxmalı olduq. Məqsədim o idi ki, məni yaxından tanısın, qərar versin Everestə gedə bilərəm, ya yox. O dedi ki, bunun maddi tərəfi çox bahadır, təxminən 60-100 min dollar civarında… Bildirdim ki, mənim 10-15 min manatım var.

Bu sözləri Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın alpinist Vəfa Qəhrəman (Musayeva) Teleqraf-a müsahibəsində deyib.

“Bələdçim gülümsəyib dedi ki, mən bələdçiyəm, maliyyə məsələsinə kömək edə bilmərəm. Everest üçün rəsmi icazə almaq lazımdır, icazəni al, növbəti il dağa qalxarsan. Söhbət yarımçıq qaldı. Amma daxilimdə özüm-özümə dedim ki, sən mənə yenidən qayıdacaqsan…

İki-üç gün sonra bələdçim yazdı ki, onların votsapda “Everest” adlı qrupu var, iştirakçılar artıq ödənişlərini ediblər: “Mən ora yazdım ki, Vəfa Musayevanı tanıyırsınız. O da bizimlə gəlmək istəyir, amma vəsaiti bu qədərdi. Hətta zarafatla dedim ki, məndən borc pul istəyir. Slava adlı bir alpinist dedi, mən ona borc pul verərəm. Onunla Ojos del Salado zirvəsində olmuşam”.

Bələdçi isə bildirib ki, yoxsa zarafat edirsən, axı bilmirsən o, sağ qayıdacaqmı, pulu qaytara biləcəkmi? Slava isə cavab verib ki, onunla bir dəfə dağda olmuşam, bilirəm, pulu qaytaracaq və hər şey yaxşı olacaq.

İki gün sonra bələdçim yazdı ki, hazırlaş, gəlirsən. Beləliklə, mənim üçün möcüzəvi bir hadisə baş verdi.

Dağlara gedərkən arzularım daha da böyüdü. Tez-tez təkrarladığım bir söz var: “General olmaq istəməyən əsgər – əsgər deyil”. Mən Everest zirvəsinə qalxanları və bütün ekspedisiyaları izləyirdim, orada xüsusi qeydiyyat sənədi var. Hər il baxırdım ki, kimlər gedir. Azərbaycanlı qadın iştirakçı yox idi kişi iştirakçı isə bir nəfər idi.

2023-cü ildə Pamir dağlarında olarkən xəbər gəldi ki, azərbaycanlı xanım Everest zirvəsinə qalxıb. Amma o xanım Ukraynanı təmsil eləmişdi. Mən daxilən hiss etdim ki, Everestə çıxan ilk Azərbaycan vətəndaşı olan qadın mən olacam. 2025-ci ildə öz ekspedisiyamla bu boşluğu doldurmağa qərar verdim və sənəd dərc olunanda dərk etdim ki, məqsədimə çatmışam.

– Borcunuzu necə qaytardınız?– Dağa çıxmazdan əvvəl dostlarıma etiraf etdim ki, mənə elə bir borc veriblər, bilmirəm onun altından necə çıxacam. Vəd eləmişdim ki, borcu qaytaracam, amma necə, bilmirdim. Məbləğ 65 000 dollar idi. Bir dostumuz bankarlardan biri ilə danışdı və ona bildirdilər ki, məsələyə baxa bilərlər. Mənimlə görüş keçirildi, dedilər ki, bunu düşünməliyik. Mən isə onlara dedim ki, “siz düşünün, mən sabah gedirəm, istəsəniz mən orada bankın bayrağını qaldıra bilərəm”.

Beləliklə, səfərə yollandım və bu yolda kiçik də olsa mənə dəstək oldular, xərcimin bir hissəsini qarşıladılar. Bank nümayəndələrinin mənəvi dəstəyi mənim üçün çox önəmli idi. Qalan məbləği isə Everest layihələrindən əldə etdiyim gəlirlərlə hissə-hissə ödəyirəm. Onlar mənim performansımı izləyir, gördüklərimi qiymətləndirirlər və pulları mərhələli qaydada qaytarıram. Hələ də Everest səfərinə borcluyam.

Dünyanın 8848 metrlik ən hündür nöqtəsi olan Everesti və Lothze zirvəsini fəth edən ilk azərbaycanlı qadınam. Lots zirvəsinə getmək qərarıma görə də borclandım – 15000 dollar. Hələ də düşünürəm ki, bütün bunları necə qaytaracam… Bəlkə sponsorlar var, amma mən bunun yollarını bilmirəm. Düşünürəm ki, onlar bu hekayəni bilsələr, Azərbaycan adına mənə dəstək olarlar. Heç vaxt bu barədə danışmamışdım, ilk dəfə açıq şəkildə paylaşıram”.

Seçilən
11
millitv.net

1Mənbələr