AZ

Əsgərovun banka qoyduğu külli miqdarda pulu atası çıxarıb - Oğlunun xəbəri olmayıb?

"Kəpəz" televiziyasının sabiq sahibi Rüfət Əsgərovun 2008-ci ildə "MuğanBank"a qoyduğu 300 min dollar əmanətin yoxa çıxması ilə bağlı iddiasına məhkəmə qaydasında aydınlıq gətirilib.

 

Pravda.az "Telegraf"a istinadən xəbər verir ki, R.Əsgərov iddiasında bildirib ki, 2008-ci ildə bankla "Xüsusi Əmanət (depozit) hesabı haqqında" yeddi müqavilə imzalayıb və 300 min dollar əmanət yatırıb.

 

Onun iddiasına görə, 2020-ci ildə əmanətini geri götürmək istəyərkən Rüfət Əsgərova bankda hesabının olmadığı bildirilib. Ona əmanətin tam məbləğinin çıxarıldığı bildirilib. R.Əsgərov isə belə bir çıxarış etmədiyini, pulun geri çəkildiyi həmin vaxt, ümumiyyətlə, Azərbaycanda olmadığını dilə gətirib.

 

Cavabdeh isə bildirib ki, iddiaçı iddia ərizəsində göstərdiyi yeddi ədəd "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələri 13 il bundan əvvəl bağlanılıb və həmin gün müqavilələrin hər birinin əslinin bir nüsxəsi iddiaçıya təqdim edilib. Bundan əlavə iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada yeddi ədəd bank kitabçası verilib. İddiaçı iddia ərizəsi verərkən müqavilələri təqdim etsə də, bank kitabçalarını təqdim etməyib:

 

"Həmin sənədləri iddiaçı ona görə təqdim etməyib ki, müqavilələr üzrə qoyulan vəsait iddiaçının atası Razim İsmayıl oğlu Əsgərova Gəncə şəhəri, 1-ci DNK-da verdiyi və üç il müddətində qüvvədə olan etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılıb. Etibarnamədə iddiaçı atası Razim İsmayıl oğlu Əsgərova bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar edib. Göstərilən etibarnaməyə əsasən, Razim İsmayıl oğlu Əsgərov tərəfindən "MuğanBank"ın Gəncə filialı ilə iddiaçı arasında bağlanmış "Xüsusi Əmanət (depozit) hesabı haqqında" müqavilələr üzrə yeddi ədəd bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilib. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olub və bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda, həmin vəsaitlə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşüb.

 

Qeyd edilən məbləğlər Razim İsmayıl oğlu Əsgərov tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılıb və müqavilələrə xitam verilib".

 

Prosesin yekununda Ali Məhkəmə R.Əsgərovun kassasiya şikayətini təmin etməyib.

 

Xatırladaq ki, "MuğanBank"ın lisenziyası 2023-cü ildə ləğv edilib.

Tarix: 12 Yanvar 2026, 17:38   
Seçilən
36
4
pravda.az

5Mənbələr