AZ

Qırğız politoloq: İlham Əliyevin türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi təklifi regional təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması elementidir

Bakı, 12 yanvar, L.Muradzadə, AZƏRTAC

İlham Əliyevin türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı təklifi situativ təşəbbüs kimi deyil, regional təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması elementi kimi qiymətləndirilməlidir. Burada ənənəvi təhlükəsizlik sistemlərinin, yəni, həm Qərb, həm də postsovet məkanında olan mexanizmlərin etimad və səmərəlilik baxımından dərin böhran yaşadığı şəraitdə dayanıqlılığın öz konturunun qurulmasına cəhd nəzərdə tutulur.

Bu fikirləri AZƏRTAC-a qırğızıstanlı politoloq Mars Sarıyev Azərbaycanın dövlət başçısının yerli televiziya kanallarına verdiyi son müsahibədə türk dövlətlərinin hərbi sahədə əməkdaşlıq imkanları ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Politoloq bu aspektdə Türk dünyasının müxtəlifliyinin başa nəzərə alınmasının vacibliyini qeyd edib. “Region ölkələri müxtəlif hərbi-siyasi konfiqurasiyalarda yerləşir. Türkiyə NATO-nun üzvüdür, Qırğızıstan və Qazaxıstan KTMT-nin iştirakçılarıdır, Özbəkistan bloklara qoşulmama yanaşmasına üstünlük verir, Azərbaycan isə strateji muxtariyyətin müstəqil modelini formalaşdırır. Bu şəraitdə NATO və ya KTMT tipli klassik hərbi ittifaqın hazırkı mərhələdə yaradılması praktiki olaraq mümkün deyil. Bu, təkcə təhdidlərin ümumi şəkildə dərk edilməsini deyil, həm də kollektiv məsuliyyətə, vahid komandanlığa və silahlı qüvvələrin standartlaşdırılmasına hazır olmağı tələb edərdi. Hələlik belə bir konsensus mövcud deyil”, – deyə ekspert bildirib.

Onun fikrincə, məhz buna görə Prezident Əliyevin təşəbbüsü real və strateji baxımdan ölçülüb-biçilmiş görünür. “Söhbət formal hərbi blokdan deyil, mərhələli yaxınlaşmadan — xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsindən, müntəzəm birgə təlimlərin keçirilməsindən, kəşfiyyat məlumatlarının mübadiləsindən, sərhəd təhlükəsizliyi sahəsində koordinasiyadan, kibermüdafiə və hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlıqdan gedir. Hərbi inteqrasiyanın bu cür “yumşaq” modeli kəskin geosiyasi ziddiyyətlər olmadan etimadı möhkəmləndirməyə, uyğunluğu formalaşdırmağa və ümumi strateji düşüncəni inkişaf etdirməyə imkan verir”, – deyə o əlavə edib.

Mars Sarıyev vurğulayıb ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın son birgə təlimləri artıq prinsipial əhəmiyyət daşıyan mühüm bir siqnal nümayiş etdirib. Belə ki, region dövlətləri xarici təhdidlər qarşısında uzlaşdırılmış şəkildə hərəkət etmək qabiliyyətinə malikdir. “Bu, klassik mənada hərbi blok deyil, lakin artıq formalaşmaqda olan kollektiv dayanıqlılıq mexanizmidir. Bu mexanizm bəyanatlardan praktikaya keçməyə, qərargahların koordinasiyası, bölmələrin uyğunluğunu və müasir təhdidlərin xarakterinə dair ümumi anlayışı formalaşdırmağa hazırlığı göstərir.

Eyni zamanda, obyektiv məhdudiyyətlər mövcuddur. Qırğızıstan və Qazaxıstan KTMT-nin üzvləridir və Türkiyə ilə hərbi sahədə istənilən kəskin yaxınlaşma Moskvada qaçılmaz olaraq çağırış kimi qəbul ediləcək. Bu, türk dövlətlərindən ehtiyatlı və ölçülü-biçili xətt tələb edən ciddi çəkindirici amildir. Bu baxımdan Azərbaycanın yanaşması göstərici xarakter daşıyır. Bakı mövcud konstruksiyaları dağıtmağı təklif etmir, birbaşa qarşıdurmaya girmədən alternativ qarşılıqlı fəaliyyət məkanı formalaşdırır”, – deyə politoloq vurğulayıb.

Ekspert bu proses üçün əsas çağırışı türk inteqrasiyasını cilovlamağa yönəlmiş xarici qüvvələrin cəhdləri, ilk növbədə, regionu ənənəvi olaraq öz müstəsna təsir zonası kimi nəzərdən keçirən aktorlar tərəfindən göstərilən təzyiqlər kimi dəyərləndirib.

“İlham Əliyevin təşəbbüsü mahiyyət etibarilə strateji vektoru müəyyənləşdirir, yəni Türk dünyası yalnız mədəni məkan olmaqdan çıxır və təhlükəsizlik subyekti kimi formalaşmağa başlayır. Bu, uzunmüddətli prosesdir, lakin TDT-ni Avrasiyanın müstəqil güc mərkəzinə — aqressiv deyil, sabitləşdirici, həmrəyliyə, praqmatizmə və qarşılıqlı məsuliyyətə əsaslanan mərkəzə çevirməyə qadirdir”, – deyə M.Sarıyev sözlərini yekunlaşdırıb.

Seçilən
58
azertag.az

1Mənbələr