
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslərə, eləcə də doğma yurdlarına qayıdan əhaliyə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurum üzvlərinin son vaxtlar azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ilə əlaqədar apardıqları müzakirələrin yekun nəticəsi olaraq ictimaiyyətə yaydıqları açıqlamada qeyd olunub.
Bildirilib ki, son günlər azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ciddi narahatlıq doğurur:
“Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları var”.
ANAMA yanında İctimai Şura bir daha diqqətə çatdırır ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geridönüşü olmayan nəticələrə səbəb olur:
“Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən, gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir”.
Vurğulanıb ki, bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir: