AZ

Prezident onlara XƏBƏRDARLIQ ETDİ! Ya sistemli işləyin, ya da CAVAB VERİN

Prezident İlham Əliyevin Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı cəmiyyət üçün sadəcə texniki hesabat xarakteri daşımırdı. Bu çıxış illərdir yığılıb qalan problemlərə açıq münasibət, məsuliyyətsiz idarəetməyə isə ciddi xəbərdarlıq idi. Ölkə başçısı bir daha göstərdi ki, Bakıda və Abşeronda hər güclü yağışdan sonra yaranan acınacaqlı vəziyyət nə “təbiətin şıltaqlığı”, nə də qaçılmaz reallıqdır. Bu mənzərə illərlə yığılan boşluqların, yarımçıq yanaşmaların və zəif nəzarətin nəticəsidir.

Cənab İlham Əliyevin leysan yağışları zamanı şəhər nəqliyyatının iflic vəziyyətinə düşməsini xüsusi vurğulaması təsadüfi deyil. Bu, paytaxt sakinlərinin gündəlik həyatında ciddi narahatlıq yaradan, sosial narazılığı artıran əsas problemlərdən biridir. Ölkə başçısı açıq şəkildə etiraf etdi ki, Bakı və Abşeron yarımadasında yağış sularının idarə olunması sahəsində ciddi zəifliklər mövcuddur. Eyni zamanda, bu etiraf məsuliyyətdən yayınmaq yox, problemin kökündən həlli üçün siyasi iradənin nümayişidir. Prezidentin Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulacağını elan etməsi, kanalizasiya və yağış suları sisteminin yenilənməsini gündəmə gətirməsi artıq “danışmaq” mərhələsinin bitdiyini göstərir.

Ölkə rəhbərinin çıxışında su itkiləri ilə bağlı səsləndirdiyi rəqəmlər isə vəziyyətin nə qədər ciddi olduğunu açıq şəkildə ortaya qoyur. 40–45 faizlik itki təkcə texniki problem deyil, bu, idarəetmədə sistemli boşluqların və məsuliyyətsizliyin göstəricisidir. Prezidentin bu məsələyə xüsusi diqqət ayırması məmurlara ünvanlanan açıq mesajdır: mövcud resurslar düzgün idarə olunmadan yeni layihələrin də effekti olmayacaq. Sayğaclaşdırmanın 100 faizə çatdırılması, rəqəmsal idarəetmə sisteminin tətbiqi və uçotun tam təmin olunması bundan sonra “itkilər var” kimi ümumi bəhanələrin qəbul edilməyəcəyini göstərir.

Çıxışın ən mühüm məqamlarından biri də ölkə başçısının nəzarət mexanizmlərinə verdiyi əhəmiyyət idi. Prezident açıq şəkildə bildirdi ki, Dövlət Proqramının icrasına yalnız hökumət strukturları deyil, Prezident Administrasiyası da nəzarət edəcək və ictimai nəzarət də təmin olunmalıdır. Bu yanaşma onu göstərir ki, məsuliyyət yalnız kağız üzərində qalmayacaq. “Bir gün də yubanma olmamalıdır” fikri isə illərdir müxtəlif layihələrdə gecikmələrə, yarımçıq işlərə öyrəşmiş məmurlar üçün ciddi xəbərdarlıq kimi səsləndi.

Ölkə rəhbərinin qətiyyətli siyasəti ondan ibarətdir ki, problemlər ört-basdır edilmir, əksinə, açıq şəkildə dilə gətirilir və onların həlli üçün uzunmüddətli, maliyyə baxımından təmin olunmuş, konkret hədəfləri olan proqramlar qəbul edilir. 2035-ci ilə qədər nəzərdə tutulan bu Dövlət Proqramı təkcə su təchizatı və kanalizasiya məsələsi deyil, Bakının yaşayış keyfiyyətinin yüksəldilməsi, sosial narazılıqların azaldılması və məmur məsuliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu çıxışı bir daha sübut etdi ki, ölkə rəhbərliyi paytaxtın yağışdan sonra su altında qalması ilə barışmır və bu vəziyyətə səbəb olan bütün problemlərin üzərinə qətiyyətlə gedir. İndi əsas məsələ bu siyasi iradənin icraçı strukturlar tərəfindən real nəticələrə çevrilməsidir.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
63
nocomment.az

1Mənbələr