AZ

Qızılın qiyməti nə qədər arta bilər?

Son günlər qlobal bazarlarda baş verən qeyri-müəyyənliklər və geosiyasi gərginliklər qızılın qiymətinə birbaşa təsir göstərir. 

Təhlükəsiz investisiya aləti kimi dəyərləndirilən qızıla marağın artması daxili bazarda da hiss olunur. 

Eyni zamanda, spot bazarda qızıl 0,64 % bahalaşaraq 4 506 ABŞ dollarını ötüb. Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərən siqnallardan biri kimi qiymətləndirilir.

Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən yayınma meylinin artması və bu fonda daha etibarlı aktivlərə tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Üstəlik, monetar gündəmlə bağlı qeyri-müəyyənlik də bazar gözləntilərini sərtləşdirərək qiymət dinamikasını yuxarı istiqamətdə saxlayır.

Bəs qızılın qiyməti hansı həddə qədər arta bilər?

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov “Cebheinfo.az”-a bildirib ki, 12 yanvar tarixində qızıl 4 600 ABŞ dolları/unsiya səviyyəsini də keçərək tarixi maksimumu yeniləyib, gümüş isə 84 ABŞ dollarından yuxarı qalxıb:

“Məz son ticarət göstəricilərinə əsasən, dünya birjalarında qiymətli metalların qiymətləri dəyişib. Belə ki, qızıl 4 590, gümüş 84, platin 2 369, palladium 1 890 ABŞ dolları/unsiya səviyyəsindədir və hər dörd metal son bir ildə əhəmiyyətli qiymət artımı göstərib.

Eyni zamanda, bazar şərhlərində qızılın yaxın dövrdə daha yüksək diapazona keçə biləcəyi istisna edilmir. 2026-cı ilin ilk yarısında 5 000 ABŞ dolları/unsiya səviyyəsinə yaxınlaşma ssenarisi də gözlənilir”.

Onun sözlərinə görə, hazırda qlobal bazarlardakı bahalaşma Azərbaycan bazarında da özünü göstərib:

"Bu gün yerli bazarda qızılın metal dəyəri təxminən belə formalaşır: "999,9 əyar qızıl: 1 qram - təxminən 250 manat, 750 əyar qızıl: 1 qram - təxminən 187 manat, 585 əyar qızıl: 1 qram - təxminən 146 manat.

Pərakəndə satış seqmentində (işlənmə və xidmət xərcləri nəzərə alınmaqla) qiymətlər daha yüksək intervalda formalaşır: 585 əyar zərgərlik məmulatları: təxminən 180–200 manat/qram, 750 əyar zərgərlik məmulatları: təxminən 210–250 manat/qram, 999,9 əyar sikkə və külçələr: təxminən 270–300 manat/qram.

Qlobal bazarda qızılın 5 000 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlməsi ssenarisində yerli bazarda, ilk növbədə, metal dəyərində artım gözlənilir və bu, pərakəndə seqmentdə də qiymətlərin mütənasib yüksəlməsinə səbəb ola bilər.

Satış strukturunda 585 əyar üzrə tələbat nisbətən sabit qalır, 750 əyar üzrə isə qiymət artımı fonunda tələbatda dalğalanma və müəyyən azalma müşahidə olunur”.

Seçilən
68
cebheinfo.az

1Mənbələr