Tehranda etirazçıların zorakılıqla dağıdılmasına cavab olaraq sanksiyalar sərtləşdirilir...
Poliqon xəbər verir ki, Avropa Parlamenti İran rejiminin ölkə daxilində etiraz aksiyalarını qəddar şəkildə yatırmasına cavab olaraq iranlı diplomatların quruma girişini qadağan edib. Qərar Avropa Parlamentinin sədri Roberta Metsolanın deputatlara ünvanladığı rəsmi məktubda elan olunub.
Məktubda bildirilib ki, qadağa Avropa Parlamentinin Brüsseldə, Strasburqda və Lüksemburqda yerləşən bütün binalarına şamil olunacaq. Bu addım Tehranda hakimiyyətin etirazçılara qarşı zor tətbiq etməsi və nümayişçilərin yarım əsrə yaxındır davam edən dini diktaturaya son qoyulması tələbləri fonunda atılıb.
Avropa Parlamentinin rəhbərliyi hesab edir ki, İran rejiminin vətəndaşlara qarşı repressiv siyasəti və kütləvi etirazların güc yolu ilə boğulması qəbuledilməzdir. Qurum bu qərarla insan haqlarının kobud şəkildə pozulmasına siyasi reaksiya verməyi və Tehrana təzyiq mexanizmlərini gücləndirməyi hədəfləyir.
Məlumata görə, qadağa diplomatik nümayəndələrin rəsmi tədbirlərdə, görüşlərdə və Avropa Parlamenti çərçivəsində keçirilən hər hansı fəaliyyətlərdə iştirak imkanlarını da faktiki olaraq aradan qaldırır. Avropa Parlamentində bu qərar İran hakimiyyətinə ünvanlanan açıq siyasi mesaj kimi dəyərləndirilir.
Poliqon.info