İranda son həftələrdə baş verən kütləvi etirazlar ölkəni dərin siyasi və təhlükəsizlik böhranı ilə üz-üzə qoyub. İqtisadi çətinliklər fonunda başlayan aksiyalar qısa müddətdə zorakı toqquşmalarla müşayiət olunaraq onlarla şəhərə yayılıb.
Artan itkilər və daxili gərginlik beynəlxalq reaksiyaları da gücləndirib, xüsusilə ABŞ ilə İran arasında ritorikanın sərtləşməsi diqqət çəkir. Mövcud vəziyyət Tehranın həm daxili sabitlik, həm də xarici siyasət baxımından kritik qərarlar verməli olduğu həssas mərhələyə daxil olduğunu göstərir.
Maraqlıdır, bu proseslər nəyi göstərir? ABŞ–İran qarşıdurması gözləniləndirmi? Turkustan.azolaraq bu suallarla politoloq Oqtay Qasımova müraciət etdik.

Oqtay Qasımov
İranda vəziyyət artıq son on altı gündür ciddi şəkildə gərginləşib. Etiraz aksiyaları və toqquşmalar nəticəsində indiyədək 516 nəfərin həlak olduğu bildirilir.
Hadisələrin ilk günlərindən etibarən ABŞ Prezidenti İrana ardıcıl mesajlar göndərir və etiraz aksiyalarına qarşı sərt tədbirlərin görülməsini tələb edir. Görünən odur ki, bu çağırışlar artıq müəyyən təsir göstərməyə başlayıb. İran tərəfi bu gün açıq şəkildə bəyan edir ki, ABŞ ilə qarşılıqlı hörmət prinsipi əsasında danışıqlara hazırdır.
Bununla belə, əsas sual ABŞ-ın İrandakı proseslərin necə inkişaf edəcəyinə hansı prizmadan yanaşmasıdır. Əgər İran ABŞ-la danışıqlar masasına gələrək etirazlarla bağlı daha yumşaq mövqe nümayiş etdirər, zorakı müdaxilələrdən çəkinərsə, bu halda Vaşinqtonun rejim dəyişikliyi məsələsini gündəmə gətirməsi gözlənilmir. Belə bir ssenaridə ABŞ tərəfindən kəskin addımların atılması ehtimalı aşağıdır.
Lakin əgər Tehran danışıqlar fonunda daxildə etiraz aksiyalarına qarşı sərt müdaxilələri davam etdirər, genişmiqyaslı həbslər və zorakılıqlar artarsa, bu zaman ABŞ-ın son çarə kimi məhdud müdaxilə variantlarını nəzərdən keçirəcəyi istisna edilmir.
Bu müdaxilənin genişmiqyaslı hərbi əməliyyat formasında olacağı gözlənilmir. Daha real ssenari isə konkret strateji nöqtələrə və müəyyən hədəflərə qarşı qısa müddətli, məhdud zərbələrin endirilməsi ehtimalıdır.
Aytən Yaşar/ Turkustan.az