
İngiltərə Rabitə Ofisi (Ofcom) süni intellekt söhbət robotu Grok-un cinsi məzmunlu saxta görüntülər yaratması ilə bağlı rəsmi araşdırma açıb.
Ölkədə yayım, internet, rabitə və poçt xidmətlərini tənzimləyən Ofcom-un açıqlamasına görə, İngiltərənin Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində İlon Maska məxsus xAI şirkəti tərəfindən hazırlanaraq X platformasına inteqrasiya edilmiş Grok-un saxta cinsi məzmunlu görüntülər yaratması səbəbindən araşdırma başlanıb.
Açıqlamada Grok-un yaratdığı saxta görüntülərin narahatlıq doğurduğu və zərər çəkənlər arasında uşaqların da olduğu bildirilib.
5 yanvarda X şirkəti ilə əlaqə qurulduğu və 9 yanvara qədər izahat tələb edildiyi qeyd edilən açıqlamada “Ofcom X-in Onlayn Təhlükəsizlik Qanunu çərçivəsində öhdəliklərini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək məqsədilə rəsmi araşdırma açıb” ifadəsi yer alıb.
Araşdırma çərçivəsində qeyri-qanuni məzmunların qarşısının alınması, xidmətlərdə yeniləmə etmədən risklərin qiymətləndirilməsi, şəxslərin razılığı olmadan cinsi məzmunlu görüntülərin yayılmasının qarşısının alınması, uşaqların cinsi istismarı ilə bağlı materialların bloklanması, qeyri-qanuni məzmunun dərhal silinməsi, xidmətlərin İngiltərədəki uşaqlar üçün risklərinin qiymətləndirilməsi və uşaqların yetkin məzmunları görməsinin qarşısını almaq üçün yaş məhdudiyyətlərinin effektiv tətbiqi öhdəliklərinin yoxlanacağı vurğulanıb.
Araşdırma çərçivəsində sübut toplanacağı, qanun pozuntusu aşkar edilərsə ilkin tədbirlər görüləcəyi, əsas qərardan əvvəl X-ə sübutlara cavab verməsi üçün vaxt veriləcəyi bildirilib.
X-in qanunu pozduğu müəyyən edilərsə, şirkətə pozuntuları düzəltmək üçün müddət veriləcək və 18 milyon funt sterlinq və ya qlobal gəlirin 10%-i qədər cərimə tətbiq olunacaq.
Ofcom sözçüsü açıqlamasında bildirib ki, Grok-un X platformasında qanunsuz və razılıqsız cinsi məzmun, eləcə də uşaqların cinsi istismarı ilə bağlı məzmun yaratması son dərəcə narahatlıq doğurur. O qeyd edib ki, bu platformalar İngiltərə vətəndaşlarını qanunsuz məzmundan qorumaq öhdəliyinə malikdir və öhdəliyini yerinə yetirməyən, xüsusən uşaqları qorumaqda uğursuz olan şirkətlərə qarşı araşdırma aparmaqdan çəkinməyəcəklər.
Sözçü həmçinin araşdırmanın yüksək prioritetlə həyata keçiriləcəyini vurğulayıb.