AZ

Şagirdlərdə Yalan Danışma Davranışı: Müdafiə Mexanizmi, yoxsa Davranış Pozuntusu?



Məktəb mühitində tez-tez rast gəlinən davranış problemlərindən biri şagirdlərin yalan danışma meylidir. Müəllimlər və valideynlər bu davranışı əksər hallarda intizam pozuntusu və ya tərbiyəsizlik kimi qiymətləndirirlər. Lakin bu kimi hallarda şagirdə qarşı psixoloji təzyiqin artırılması və onun “yalançı” kimi etiketlənməsi problemi aradan qaldırmır. Əksinə, bu yanaşma davranışın möhkəmlənməsinə və vərdiş halına çevrilməsinə zəmin yaradır. Uşaq zamanla anlayır ki, həqiqəti demək onun üçün təhlükəlidir və yalan danışmaq psixoloji baxımdan özünü qoruma vasitəsinə çevrilir.

Uşaqlar yalanı müxtəlif formalarda ifadə edə bilərlər. Bəzi şagirdlər gündəlik situasiyalarla bağlı kiçik yalanlar danışır, məsələn, etdikləri hərəkəti inkar edir və ya məsuliyyətdən yayınmağa çalışırlar. Digər bir qrup uşaqlarda isə fantastik yalanlar müşahidə olunur: olmayan hadisələri uydurur, yaşamadıqları situasiyaları olmuş kimi təqdim edirlər. Bu cür davranışlar çox vaxt diqqət çəkmək, qəbul olunmaq və öz daxili ehtiyaclarını kompensasiya etmək məqsədi daşıyır. Məhz bu fərqliliklərə görə yalan danışma davranışı bəzi hallarda müdafiə mexanizmi, bəzi hallarda isə davranış pozuntusu kimi qiymətləndirilir.

Psixoloji baxımdan yalan danışma davranışı hər zaman şüurlu və məqsədli aldatma kimi dəyərləndirilmir. Bir çox hallarda bu davranış uşağın daxili qorxularının, psixoloji təzyiqlərinin və emosional ehtiyaclarının dolayı ifadə formasıdır. Uşaq özünü təhlükə altında hiss etdikdə, qəbul edilmədiyini düşündükdə və ya sevgi və dəyər görmək ehtiyacını ödəyə bilmədikdə reallığı dəyişərək özünə daha “təhlükəsiz” psixoloji mühit qurmağa çalışır.

Şagirdlərdə yalan danışma davranışının əsas səbəbləri

Uşaqda yalan danışma vərdişini aradan qaldırmaq üçün ilk növbədə bu davranışın yaranma səbəbləri araşdırılmalıdır. Şagirdlərin yalan danışma meyli aşağıdakı psixoloji və sosial amillərlə əlaqəli ola bilər:

Cəza qorxusu və yüksək gözləntilər

Valideyn və ya müəllim tərəfindən sərt yanaşma, yüksək tələbkarlıq və səhvlərə qarşı dözümsüz münasibət uşağın öz davranışını açıq şəkildə etiraf etməsinə mane olur.

Aşağı özünəinam

Uşaq özünü dəyərsiz və bacarıqsız hiss etdikdə, reallığı dəyişdirərək özünü daha uğurlu və qəbul edilən biri kimi göstərməyə çalışır.

Diqqət və sevgi ehtiyacı

Bəzi uşaqlar diqqət mərkəzində olmaq və emosional ehtiyaclarını qarşılamaq məqsədilə olmayan hadisələri uyduraraq danışırlar.

Model davranış

Uşaq ailədə və ya yaxın sosial mühitdə yalanın normallaşdırıldığını müşahidə etdikdə, bu davranışı təqlid edərək özününküləşdirir.

Fantaziya ilə reallığın qarışması

Xüsusilə ibtidai yaş dövründə bu hal inkişaf mərhələsinin xüsusiyyəti hesab olunur və patoloji xarakter daşımaya bilər.

Arzulanan həyatı yaşamaq ehtiyacı

Bəzi şagirdlər arzuladıqları, lakin real həyatda əldə edə bilmədikləri yaşam tərzini xəyallarında quraraq onu gerçək kimi təqdim edirlər. Bu davranış uşağın daxili narazılığının, emosional boşluğunun və psixoloji çatışmazlıqlarının göstəricisi ola bilər.

Qeyd etmək lazımdır ki, şagirdlərdə yalan danışma davranışı bəzən müdafiə mexanizmi kimi çıxış edir. Uşaq cəzalandırılmamaq, tənqid edilməmək və digər psixoloji təzyiqlərdən qorunmaq üçün yalanı çıxış yolu kimi görür.

Nə zaman yalan danışma davranış pozuntusu hesab olunur?

Yalan danışma davranışı aşağıdakı hallarda davranış pozuntusu kimi qiymətləndirilə bilər:

davranış davamlı və məqsədli xarakter daşıdıqda;

başqasına zərər vermək niyyəti olduqda;

empati hissinin zəifliyi müşahidə edildikdə;

davranış aqressiya, qayda pozma və manipulyativ meyllərlə müşayiət olunduqda.

Bu hallarda yalan danışma təkcə müdafiə mexanizmi deyil, daha dərin psixoloji problemlərin mövcudluğuna işarə edir və mütəxəssis müdaxiləsi tələb oluna bilər.

Məktəb mühitində düzgün yanaşma

Belə hallar ilə qarşılaşdıqda “şagird–valideyn–məktəb” üçbucağı düzgün şəkildə təşkil olunmalıdır. Şagirdi etiketləməkdən qaçmaq, problemi şəxsiyyətə yox, davranışa yönəltmək vacibdir. Müəllim, valideyn və psixoloq arasında əməkdaşlıq qurulmalı, yanaşma cəza əsaslı deyil, anlama və səbəbi araşdırma yönümlü olmalıdır.

Psixoloq, müəllim və valideyn birgə şəkildə:

davranışın arxasında dayanan emosional və psixoloji səbəbləri müəyyən etməli;

uşağın özünü təhlükəsiz hiss etməsinə şərait yaratmalı;

açıq, etibarlı və dəstəkləyici ünsiyyət mühiti formalaşdırmalıdır.

Unudulmamalıdır ki, uşaq həqiqəti yalnız özünü anlayan, dinləyən və qoruyan bir mühitdə ifadə edə bilər.

Fidan Rzayeva
Psixoloq





Seçilən
44
aia.az

1Mənbələr