Bakı, 12 yanvar, L.Muradzadə, AZƏRTAC
Bu gün şahidi olduğumuz proses göstərir ki, Ankara və Bakı enerji nəqli ilə bağlı qərar qəbuletmə mərkəzinə çevrilib, onu birgə idarə edir, qiymətləri müəyyənləşdirir. Transformasiyanın ən konkret təzahürü ondan ibarətdir ki, Bakı-Tbilisi-Ceyhan və TANAP ilə başlayan fosil yanacaqlara yönəlmiş əməkdaşlıq "yaşıl elektronlar" və "sıfır karbon" vizyonu ilə nəticələndi.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli ekspert Ahmet Ziya Gökalp deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın Naxçıvan üzərindən inşa edəcəyi yaşıl enerji dəhliz Zəngəzur dəhlizinin geosiyasi müstəvidə nəqliyyat xəttindən kənara çıxan və enerji ötürülməsini cəmləşdirən strateji "elektrik magistralı" kimi nəzərdə tutulur.
“Naxçıvanın malik olduğu Günəş və külək enerjisinin yüksək potensialının regionda bərpaolunan enerji mənbələri ilə birlikdə Türkiyənin enerji sisteminə, oradan da Avropaya daxil olması Ankara və Bakını Avropa İttifaqının "yaşıl razılıq" məqsədlərinə nail olmaqda ən etibarlı iki əsas tərəfdaşa çevirib. Burada kritik məqam Türkiyə və Azərbaycanın bu axınları qarşılıqlı əlaqə sistemlərinə inteqrasiya etməklə Bolqarıstan vasitəsilə Avropaya nəql etmək qabiliyyətidir. Bolqarıstandan Avropaya keçən mövcud və planlaşdırılan enerji əlaqələri Türkiyə və Azərbaycanın Avropa enerji bazarlarındakı mövqelərini birtərəfli asılılıq münasibətlərindən qarşılıqlı maraq və öhdəliklərə əsaslanan tərəfdaşlıq modelinə çevirir. Avropa Rusiya ilə yaşadığı enerji böhranından sonra bu mənbələri təmin edə biləcək etibarlı və strateji cəhətdən dərin tərəfdaşlar tapmaq ehtiyacı ilə birlikdə yeni mənbələr tapmaq problemini həll edir. Xüsusilə hidrogen enerjisi kimi gələcək texnologiyalarda Türkiyə və Azərbaycanın mövcud infrastrukturunun yaşıl hidrogenə çevrilmə potensialı koridorun həm cari enerji balanslarında, həm də uzunmüddətli transformasiya perspektivində strateji əhəmiyyətini artırır. Digər tərəfdən bu layihənin Naxçıvan seqmenti Türk dünyasının inteqrasiyası üçün simvolik əhəmiyyətini aşaraq iqtisadi reallığa çevrilir. Naxçıvan üzərindən çəkilən yüksəkgərginlikli xətlər Mərkəzi Asiyadakı Türkmənistan və Qazaxıstan kimi digər türk dövlətlərinin gələcəkdə bu yaşıl şəbəkəyə qoşulması üçün uzaqgörən model yaradır”, - deyə ekspert vurğulayıb.
Nəticə olaraq, Ahmet Ziya Gökalp Türkiyə və Azərbaycan tərəfindən inkişaf etdirilən yaşıl enerji şəbəkəsinin “bir millət, iki dövlət” konsepsiyasını qlobal enerji və iqtisadi strategiyalarla birləşdirərək regional əməkdaşlıq üçün vacib bir model yaratdığını qeyd edib: “İnfrastruktur və siyasət vasitəsilə enerji axınlarını idarə etmək qabiliyyətinə malik hər iki dövlət ortaq regional enerji bazarlarında getdikcə daha effektiv rol oynayır. Bu tendensiya 21-ci əsrin enerji xəritəsində uzunmüddətli strateji təsir yaratmaq potensialına malikdir”.