
Son illərdə dünyanın bir sıra ölkələrində 4 günlük iş həftəsi modeli müzakirə olunur və bəzi yerlərdə artıq tətbiq edilir. Bu yanaşma işçilərin daha rahat işləməsinə, yorğunluğun azalmasına və iş keyfiyyətinin qorunmasına xidmət edir. Bəs Azərbaycanda da 4 günlük iş həftəsi sisteminə keçid mümkün ola bilərmi və bu model ölkənin əmək bazarı üçün nə dərəcədə effektiv olar?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bizim ölkə üçün bu məsələ hələ aktual deyil.
Onun sözlərinə görə, dünya ölkələrində dörd günlük iş həftəsi eksperiment səviyyəsində olan bir yanaşmadır:
"Bəzi biznes qurumları işçiləri məsafədən işə cəlb etməklə, daha kiçik ofislərdən istifadə edərək resurslara qənaət edir. Digər tərəfdən, yeni texnologiyaların tətbiqi hesabına bəzi şirkətlər işçiləri altı gün deyil, dörd gün işlədərək eyni nəticəni əldə edir və əməkhaqqını azaltmadan bu rejimi tətbiq edirlər. Bu cür eksperimentləri biznes strukturları apara bilər. Lakin Azərbaycanda yüksək texnologiyalarla çalışan, süni intellekt və robot texnologiyalarının geniş tətbiq olunduğu iş sahələri azdır, belə müəssisələrin sayı da çox deyil. Bu səbəbdən dörd günlük iş həftəsi bizim üçün prioritet mövzu hesab oluna bilməz. Bizim üçün daha aktual olan məsələ qeyri-formal əmək bazarıdır, hansı ki, bəzi hallarda işçilər 12 saat işlədilir, bayram və istirahət günlərində də əməyə cəlb olunurlar".
S.Məmmədov qeyd edib ki, hər hansı bir biznes qurumu əməkhaqqını azaltmadan dörd günlük iş rejimi tətbiq etmək istəsə, buna heç kim mane ola bilməz:
"Ancaq dövlət sektorunda bu yanaşmanın tətbiqi mümkün deyil. Dünyanın heç bir ölkəsində dövlət sektoru dörd gün işləyib üç gün istirahət etmir. Dövlət idarəetmə sistemi üçün bu model uyğun hesab olunmur. Odur ki, ayrı-ayrı sahələrdə və ya bəzi biznes strukturlarında belə eksperimentlərin aparılması mümkündür. Bu, biznesin öz qərarıdır. Əgər iş günü səkkiz saatdan artıq olmadan dörd günə eyni nəticə əldə edilirsə və işçiyə üç gün istirahət verilirsə, bundan həm işəgötürən, həm də işçi qazanar. Ancaq hazırkı şəraitdə bu modelin ölkəmiz üçün geniş tətbiqi hələlik real görünmür".
Sevinc İbrahimzadə