Kütləvi etirazlar fonunda Vaşinqton Tehrandan silah tətbiqinin dayandırılmasını, zənginləşdirilmiş uranın verilməsini və raket proqramının dondurulmasını tələb edir…
Poliqon xəbər verir ki, ABŞ administrasiyası İranın danışıqlara başlamaqla bağlı müraciətinə cavab olaraq bir sıra sərt və məcburi ilkin şərtlər irəli sürməyə hazırlaşır. Israel Hayom nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, bu şərtlər yerinə yetirilmədən Tehranla hər hansı rəsmi danışıqların başlanması mümkün hesab edilmir.
Məlumata əsasən, Vaşinqtonun əsas tələbləri sırasında İranda etirazçılara qarşı döyüş silahlarından istifadənin dərhal dayandırılması, saxlanılan nümayişçilərin azad edilməsi, ölkənin ixtiyarında olan zənginləşdirilmiş uran ehtiyatlarının ötürülməsinə hazır olduğunu bəyan etməsi, uzaqmənzilli raket proqramının dayandırılması, eləcə də Tehranın himayəsi altında olan terror təşkilatlarına dəstəkdən imtina etməsi yer alır.
Diplomatik mənbənin bildirdiyinə görə, İranın danışıqlarla bağlı müraciəti bir neçə kanal vasitəsilə ABŞ-yə çatdırılıb. Belə ki, bu mesaj birbaşa İranın xarici işlər naziri Abbas Araqçı tərəfindən ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffa təqdim olunub, eyni zamanda daha əvvəl də vasitəçi rolunda çıxış etmiş Oman üzərindən ötürülüb. Mənbə qeyd edib ki, hazırda ABŞ administrasiyasında müzakirələr İrana müdaxilə edib-etməmək məsələsindən daha çox, bu müdaxilənin hansı formada həyata keçiriləcəyi üzərində cəmlənib.
Qeyd olunur ki, mümkün addımların spektri kifayət qədər genişdir. İlkin mərhələdə əsas diqqətin iqtisadi təzyiqlərə yönələcəyi gözlənilir. Söhbət xeyli sərtləşdirilmiş sanksiyalardan, İran neftinin ixracının demək olar ki, tamamilə dayandırılması cəhdlərindən, həmçinin ölkəyə neft məhsullarının idxalının məhdudlaşdırılmasından gedir. ABŞ-dəki mənbənin sözlərinə görə, cavabın konkret forması ilə bağlı qərarın məsləhətləşmələr və mümkün ssenarilərin nəticələrinin qiymətləndirilməsindən sonra 48 saat ərzində — yəni çərşənbə axşamına qədər verilməsi gözlənilir.
Israel Hayom-a danışan digər diplomatik mənbə isə bildirib ki, İran rejimi hazırda faktiki olaraq siyasi baxımdan sağ qalmaq uğrunda mübarizə aparır və bu səbəbdən etirazçılara qarşı repressiyaları daha da gücləndirə bilər. Mənbənin iddiasına görə, artıq minlərlə dinc sakin həlak olub, minlərlə insan saxlanılıb, lakin buna baxmayaraq, etirazlar səngimir. Bununla yanaşı, o vurğulayıb ki, rejim üçün real təhlükə mövcud olsa da, onun yaxın günlərdə tam çökəcəyi ehtimal edilmir.
Eyni mənbə qeyd edib ki, İran rəhbərliyində təmsil olunan bəzi yüksək vəzifəli şəxslər artıq mümkün siyasi sığınacaq variantlarını nəzərdən keçirirlər. Potensial istiqamətlər arasında Rusiya və hətta Qətər kimi ölkələrin adı çəkilir. Diplomatın sözlərinə görə, “hər bir halda bu rejim iki həftə əvvəlki rejim olmayacaq. Sağ qalsa belə, ciddi şəkildə zəifləyəcək və gözlənilən sanksiyalar onun həm ölkə daxilində, həm də dəstək verdiyi terror təşkilatları ilə münasibətlərdə imkanlarını kəskin şəkildə azaldacaq”.
Poliqon.info