AZ

Sələmçini öldürməkdə təqsirləndirilən şəxs: "Təhqir etdiyinə görə vurdum"

Bakıda sələmçini öldürməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə baş tutub. Məhkəmədə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
 

İttiham aktında bildirilir ki, Elçin Vəliyev əvvəllər qeyri-rəsmi yaşadığı qadının anası Təranə Cəfərxanovadan faizə pul götürərək, onun vaxtında ödənilməsini öhdəsinə götürüb. Lakin bir müddət sonra borcunu ödəməkdən yayınmaq məqsədilə Təranə Cəfərxanova ilə görüşərkən onunla mübahisə edib.


Mübahisə zamanı Elçin Vəliyev yaşlı qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 23 bıçaq zərbəsi endirərək ona ağır xəsarətlər yetirib. Təranə Cəfərxanova bir neçə gün sonra xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hakim müttəhimin ittiham olunduğu maddələrlə 14 ildən 20 ilədək azadlıqdan məhrum oluna biləcəyini xatırladıb. Elçin Vəliyev isə ittihamla özünü qismən təqsirli bilərək hadisəni tamah məqsədiylə deyil, nəslinin təhqir olunması ilə əsaslandırıb.
 

Elçin Vəliyevə sərbəst ifadə üçün söz verilib: "Faizə pul götürmüşdüm, həmişə də vaxtında verirdim. Son vaxtlar vəziyyətim yaxşı olmadığı üçün gecikmələr olurdu. Buna görə də görüşdük, başladı məni təhqir etməyə. Dedi ki, "siz yerazlar ermənidən dönməsiniz". Bundan sonra onun ağzından vurmaq istədim, bilmədim harasına dəydi".


Prokurorun suallarına cavab olaraq məlum olub ki, Elçin Vəliyev Təranə Cəfərxanovadan 15-20 faizlə 7 500 manat məbləğində sələm pul götürüb. Müttəhim bildirib ki, əvvəllər də bir neçə dəfə sələmə pul götürüb və vaxtında qaytarıb.

Zərərçəkmişin hüquqi varisi Habil Quliyev sərbəst ifadəsində qeyd edib ki, mərhumun oğludur, Elçin Vəliyev onun bacısı ilə qeyri-rəsmi ailəli olub, onların 22 yaşlı bir övladı var:

"Anam təxminən 5 il idi faizə pul vermirdi, təqaüdü ilə dolanırdı. Qızı ilə gəldilər anama yalvardılar, anam da faizə pul verib onlara. Anam bütün "yerazlar"a heç nə deməyib, sırf ona deyib. O, anamı sırf öldürməyə gəlmişdi ki, canını qurtarsın. Hadisədən 2 ay sonra anam vəfat etdi. Bıçaqlandığını işdə bilmişdim. Şikayətçiyəm, ömürlük, ən ağır cəzanın verilməsini istəyirəm. Mən Elçinlə əvvəllər bir işləmişəm, mənim yanımda da narkotik istifadə edirdi".

İclas zamanı sübutların ardıcıllığı ilə müxtəlif sənədlər tədqiq olunub. Növbəti iclas fevralın 2-nə təyin edilib.
 

Qeyd edək ki, hadisə 2025-ci il sentyabrın 5-də Bakıda baş verib. Sələmçilik fəaliyyəti ilə məşğul olan Təranə Cəfərxanova Elçin Vəliyev tərəfindən 23 bıçaq zərbəsi ilə qətlə yetirilib. İstintaq müəyyən edib ki, E.Vəliyev sələmə götürdüyü külli miqdarda pulu geri qaytarmamaq üçün hadisəni törədib.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmişin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə) maddələri üzrə cinayət işi açılıb. Elçin Vəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Seçilən
14
2
paralel.az

3Mənbələr