AZ

İspaniya polisi ölkə tarixində ən böyük kokain partiyasını müsadirə edib

Braziliyadan Avropaya gedən gəmidə 10 ton narkotik aşkar olunub...

Poliqon xəbər verir ki, İspaniya polisi Braziliyadan Avropaya doğru hərəkət edən gəminin yoxlanışı zamanı göyərtədə 10 ton kokain aşkar edib. Narkotik maddə 300 kisəyə qablaşdırılaraq duz bağlamalarının arasında gizlədilməyə cəhd göstərilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ələ keçirilən partiyanın bazar dəyəri təxminən 400 milyon avro qiymətləndirilir.

İspaniya Milli Polisinin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, bu, ölkə tarixində indiyədək müsadirə edilmiş ən böyük kokain partiyasıdır. Kamerun bayrağı altında üzən gəmidə 13 ekipaj üzvü olub və onların hamısı saxlanılıb. Axtarış zamanı göyərtədə odlu silahın da tapıldığı qeyd edilir.

Məlumata görə, gəmi təxminən 12 saat ərzində dənizdə saxlanıldıqdan sonra Kanar adalarına yedəyə alınıb. Narkotik yüklə bağlı əməliyyat bir neçə ölkənin hüquq-mühafizə strukturlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Əməliyyatın hazırlanmasında Braziliya, İspaniya, Fransa, Böyük Britaniya və Portuqaliya xüsusi xidmət orqanları iştirak ediblər.

Rəsmilər bildiriblər ki, bu miqyasda narkotik daşınması beynəlxalq mütəşəkkil cinayət şəbəkələrinin fəaliyyəti ilə bağlıdır və istintaq çərçivəsində həmin şəbəkənin digər üzvlərinin də müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr