Amerika peyk şirkəti SpaceX, yeni nəsil daha 7 min 500 Starlink peykini buraxmaq üçün ABŞ Federal Rabitə Komissiyasından (FCC) təsdiq alıb.
Marja.az xəbər verir ki, SpaceX ikinci nəsil Starlink peyklərindən daha 7 min 500 ədədini buraxmaq icazəsi alaraq dünya üzrə ümumilikdə 15 min peykə sahib olacaq.
FCC bildirib ki, bu qərar təkcə SpaceX-ə daha çox peyk buraxmağa və yüksək sürətli internet əhatə dairəsini genişləndirməyə imkan vermir, eyni zamanda Starlink peyklərinin beş tezlik diapazonunda işləyə bilməsi və ABŞ-dan kənarda birbaşa mobil telefon bağlantısı təmin etməsi deməkdir.
FCC tərəfindən yayımlanan açıqlamada qeyd olunub ki, bu genişlənmə SpaceX-in dünya üzrə yüksək sürətli və aşağı gecikməli internet xidmətləri göstərməsini mümkün edəcək.
ABŞ Federal Rabitə Komissiyası bildirir ki, SpaceX təsdiqlənmiş Starlink peyklərinin 50 faizini 1 dekabr 2028-ci ilədək, qalan 50 faizini isə 2031-ci ilin dekabrına qədər orbitə çıxarmalıdır.