AZ

Bəyaz Saray İranla bağlı mümkün tədbirləri nəzərdən keçirir

ABŞ administrasiyası İranla bağlı görülə biləcək tədbirlərlə əlaqədar müxtəlif variantları dəyərləndirməyi planlaşdırır. Editor.az CBS News-a istinadla xəbər verir ki, Vaşinqtonun Tehrana qarşı mümkün addımları sırasında kiberəməliyyatlar və psixoloji müharibə üsulları da yer ala bilər.

Məlumatda bildirilir ki, bu cür kiberəməliyyatlar və psixoloji təsir kampaniyaları İranın yerli komanda-idarəetmə strukturlarını, rabitə sistemlərini, eləcə də dövlət mediasının fəaliyyətini pozmağa yönəlib. Qeyd olunur ki, sözügedən tədbirlər hərbi güclə paralel şəkildə və ya ayrıca alternativ variantlar kimi həyata keçirilə bilər.

ABŞ Prezidenti Donald Tramp artıq mümkün bütün tədbirlər barədə məlumatlandırılıb. Yanvarın 13-də ABŞ-ın milli təhlükəsizlik komandası Bəyaz Sarayda İranla bağlı mümkün addımların siyahısını müzakirə edəcək.

Yanvarın 12-də Bəyaz Sarayın mətbuat katibi Karolin Levitt bəyan edib ki, Donald Tramp zərurət yaranacağı təqdirdə İran əleyhinə ABŞ Silahlı Qüvvələrinin gücündən istifadə etməkdən çəkinməyəcək.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İranda milli valyutanın kəskin dəyər itirməsinə etiraz olaraq kütləvi etiraz aksiyaları başlayıb. Buna cavab olaraq hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, polis tərəfindən gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə edilib. Ən genişmiqyaslı etirazlar paytaxt Tehranda baş verib.

Associated Press agentliyinin məlumatına görə, etirazlar zamanı 544 nəfər həyatını itirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr