AZ

Bank of Baku və inkişafın görünməyən qiyməti: Bankın hesabatları nə deyir?..

Bank of Baku kart iqtisadiyyatının lokomotivi kimi təqdim olunur, lakin maliyyə göstəricilərinin arxasında daha mürəkkəb risk mənzərəsi formalaşır...

Müəllif: Artur Andersen
Xüsusi olaraq 1news.az portalı üçün

Məqalə Bank of Baku-nun 2024-cü il üzrə auditi aparılmış illik hesabatına (MHBS) və 2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici hesabatlara əsaslanır. Material müəllifin şəxsi mövqeyini əks etdirir, yalnız məlumat xarakteri daşıyır və investisiya tövsiyəsi deyil.

***

Bank of Baku haqlı olaraq Azərbaycanın kart iqtisadiyyatının aparıcı qüvvələrindən biri hesab oluna bilər.

2024-cü il üzrə auditi aparılmış maliyyə hesabatlarına görə, bankın plastik kartlarının sayı tarixi maksimuma - 19,9 milyon ədədə çatıb. Bu göstərici ölkə əhalisinin sayından iki dəfə çoxdur.

Pərakəndə kreditləşmədə liderlik, aqressiv genişlənmə strategiyası, bazarda güclü mövqelər - bütün bunlar zahirən uğur hekayəsidir. Lakin 2024-cü il üzrə auditi aparılmış hesabatlara və 2025-ci ilin üçüncü rübünə dair tənzimləyici məlumatlara diqqətlə baxıldıqda, daha mürəkkəb mənzərə ortaya çıxır.

Rəqəmlərin arxasındakı həqiqət

2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici hesabatlara əsasən, bankın ümumi kredit portfeli 860,6 milyon manat təşkil edib. Bunun 735 milyon manatı, yəni 85 faizi fiziki şəxslərin payına düşür. Bank bazara əsasən plastik kartlar və istehlak kreditləri vasitəsilə daxil olur: 2024-cü il üzrə auditi aparılmış hesabatlara görə, kart kreditləri 73 milyon manatdan 115 milyon manata yüksəlib. Bu, bir il ərzində 58 faizlik artım deməkdir.

Lakin məlumdur ki, sürətli artım xərclərsiz olmur. 2025-ci ilin üçüncü rübü üzrə məlumatlara görə, problemli kreditlərin payı 4,9 faizə çatıb, ehtiyatlar isə portfelin 8 faizi səviyyəsinə qaldırılıb. Ehtiyatlar üzrə bu cür konservativ yanaşma aktivlərin keyfiyyətinin daha da pisləşə biləcəyinə dair gözləntilərə işarə edə bilər.

Mənfəət paradoksu

Bank of Baku-nun 2024-cü il üzrə maliyyə nəticələri ilk baxışdan müsbət görünür: xalis mənfəət 27,1 milyon manat, kapitalın gəlirliliyi isə təxminən 14 faizdir. Lakin bu göstərici 2023-cü ildəki 30,1 milyon manatla müqayisədə 10 faiz azdır.

Portfel böyüyür, mənfəət isə azalır

Mənfəətin azalmasının səbəbləri çoxşaxəlidir. Birincisi, kredit zərərləri üzrə bərpalar kəskin şəkildə azalıb: 2023-cü ildə 15,7 milyon manat olduğu halda, 2024-cü ildə bu rəqəm 2,6 milyon manata düşüb. Aradakı 13 milyon manatlıq fərq birbaşa mənfəətə mənfi təsir göstərib. İkincisi, komissiya əməliyyatları üzrə kəsir dərinləşib: komissiya xərcləri gəlirləri 10,8 milyon manat üstələyib, halbuki bir il əvvəl bu fərq 6,9 milyon manat idi. Üçüncüsü, əməliyyat xərcləri artıb: personal xərcləri 7 faiz, inzibati xərclər isə 11 faiz yüksəlib.

Kart biznesinin iqtisadiyyatı xüsusi diqqət tələb edir. Plastik kartlar üzrə komissiya gəlirləri 12,4 milyon manat, xərclər isə 18,8 milyon manat təşkil edib. Nəticədə kartlar üzrə xalis komissiya zərəri 6 milyon manatı ötüb. Bu, kart biznesinin ümumilikdə zərərli olduğu anlamına gəlmirvə kartlar kreditlər üzrə faiz gəliri yaradır və çarpaz satışlar üçün baza rolunu oynayır. Lakin komissiya iqtisadiyyatı açıq şəkildə mənfidir və bu fərq getdikcə artır.

Kənd təsərrüfatı şoku

Bankın kredit portfelində kiçik, lakin diqqətçəkən bir seqment var - kənd təsərrüfatı kreditləri. 2025-ci ilin üçüncü rübünün məlumatlarına görə, bu sahədə problemli kreditlərin payı təxminən 26 faizdir. Yəni hər dörd kreditdən biri geri qaytarılmır. Müqayisə üçün, pərakəndə seqmentdə bu göstərici 4,5 faizdir.

Eyni zamanda, 2024-cü il üzrə auditi aparılmış hesabatlarda kənd təsərrüfatı portfelinin artıq 6,3 milyon manatdan (2023) 3,6 milyon manata endiyi görünür. Bu, problemli seqmentdən idarəolunan çıxışa bənzəyir. Sual yaranır: oxşar problemlər həcmi 200 dəfə böyük olan pərakəndə portfeldə baş verərsə, çıxış strategiyası necə olacaq?

Kapitalın sıxılması

Bankın kapital adekvatlığı normativi (CAR) 2023-cü ildə 15,26 faiz olduğu halda, 2024-cü ilin sonunda 14,62 faizə düşüb. Tənzimləyici minimum 10 faizdir və hələlik ehtiyat mövcuddur. Lakin tendensiya aydındır: portfelin sürətli artımı və ehtiyatların artırılması kapitalı mənfəətin onu bərpa etdiyindən daha sürətlə sıxa bilər.

Bu templə artım davam edərsə və aktivlərin keyfiyyəti pisləşərsə, bank ya əlavə kapital cəlb etməli, ya da artımı yavaşıtmalı olacaq. Hər iki variant səhmdarlar üçün arzuolunan deyil.

Yanvar sualı

Bankın maliyyə strukturunda diqqətəlayiq detal var: Azpetrol şirkətindən cəlb edilmiş 16,76 milyon manatlıq subordinasiya olunmuş borc. Bu şirkət bankın 28,89 faiz səhminə sahibdir. Auditi aparılmış hesabatlara görə, bu borcun qaytarılma müddəti 2026-cı ilin yanvarına təsadüf edir. Yəni çox yaxın vaxtda...

Əlaqəli tərəfdən olan subordinasiya borcu böhran əlaməti deyil və adətən bu cür alətlər yenidən maliyyələşdirilir. Lakin bu fakt bankın kapital bazasının struktur xüsusiyyətini göstərir: tənzimləyici kapitalın bir hissəsi səhmdarın maliyyəni davam etdirməyə hazır olmasından asılıdır.

Köhnə borclar

2025-ci ilin üçüncü rübü üzrə problemli kreditlərin yaş analizi göstərir ki, 12,7 milyon manat məbləğində borc bir ildən artıqdır gecikmədədir. Bunun 8,6 milyon manatı pərakəndə seqmentin payına düşür. Bunlar hələ də balansda qalan köhnə problemlərdir.

Bir ildən artıq gecikməsi olan borcların mövcudluğu onların tutulmasında çətinliklərə işarə edir. Bu kreditlər ya silinməli, ya da real şəkildə restrukturizasiya edilməlidir. Onların balansda saxlanması problemli kreditlərin səviyyəsini yüksəldir və əlavə ehtiyat tələb edir.

Nəticə: Bank artım strategiyasını nə qədər davam etdirə biləcək?

Bank of Baku Azərbaycanın pərakəndə bankçılıq bazarında unikal mövqeyə malikdir. Lakin sürətli artım strategiyası bir neçə istiqamətdə gərginlik yaradır: problemli kreditlərin artması, kartlar üzrə mənfi komissiya iqtisadiyyatı, kapitalın sıxılması və portfel böyüdükcə mənfəətin azalması.

Ehtiyatlar üzrə konservativ yanaşma, əhatə əmsalının 100 faizdən xeyli yuxarı olması risklərə ehtiyatlı münasibəti göstərir. Əsas sual isə budur: artım strategiyası nə vaxt və necə dəyişəcək?

Mövcud tendensiyalar fonunda ekspansiya daha nə qədər davam edə bilər?

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
86
2
poliqon.info

2Mənbələr