AZ

Boyan Kumer: Sloveniya COP31-in uğurla keçəcəyinə əmindir

Sloveniya bu il Türkiyənin Antalya şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) uğurla keçəcəyinə əmindir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan Kumer bildirib.

O, COP31 üçün ev sahibi ölkənin seçilməsini “düzgün və vaxtında atılan addım” adlandırıb. “Türkiyə qlobal iqlim məsələlərinin müzakirəsi üçün çox uyğun bir məkandır. Əminəm ki, COP31 uğurlu olacaq”, - deyə sloveniyalı nazir bildirib və ölkələrin milli ekoloji məsələlərə deyil, bəşəriyyətin ortaq problemlərinə diqqət yetirməli olduqlarını vurğulayıb.

B. Kumer Türkiyənin dünya miqyasında tanınan mühüm geosiyasi rolunu vurğulayıb, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafının vacibliyini qeyd edib.

“Bu gün Türkiyənin bərpaolunan enerji sahəsində mövqeyini necə sürətlə gücləndirdiyini və bu mühüm sahədə getdikcə daha əhəmiyyətli rol oynadığını görürük. Bu, ortaq gələcəyimiz üçün çox ümidverici bir inkişafdır”, - deyə nazir bildirib.

Bundan əvvəl COP31 üçün ilk hazırlıq iclası Türkiyədə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilmişdi. Müzakirələrdə Türkiyənin altı nazirliyinin nümayəndələri iştirak etmişdilər.

Təşkilatçılar ətraf mühit sammitində 196 ölkədən 80 mindən çox nümayəndənin iştirak edəcəyini gözləyirlər.

Seçilən
4
2
yeniazerbaycan.com

3Mənbələr