Mercedes-Benz 2025-ci ildə 2024-cü illə müqayisədə 9 faiz azalma ilə 168 min 800 ədəd tam elektrikli avtomobil (elektromobil) satıb. Eyni dövrdə BMW-nin elektrikli avtomobil satışı 3,6 faiz artaraq 442 min 72 ədəd olub.
Marja xəbər verir ki, Mercedes-in baş icraçı direktoru Ola Källenius elektrikli avtomobillər sahəsində şirkətin rəqiblərinə çatmağsına çalışır. 2026-cı il Çinli avtomobil istehsalçılarının artan payı, eləcə də Asiya və Avropada istehlakçı etimadının qeyri-sabit qalması fonunda Källenius-un Mercedes-i daha üst seqmentdə mövqeləndirmə strategiyası üçün çətin sınaq olacaq. 2025-ci il G-Seriyası yolsuzluq avtomobilinin rekord satış göstəriciləri kimi bəzi müsbət nəticələr gətirsə də, Mercedes ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və lüks seqmentə daxil olan Çinli istehsalçıların güclənən rəqabəti ilə mübarizə aparır.
2025-ci ildə Mercedes-in ümumi avtomobil satışı isə 9 faiz azalaraq 1,8 milyon ədədə düşüb.Beləliklə, avtomobil istehsalçısı zəif nəticələrlə yadda qalan daha bir ili geridə qoyub. Yerli avtomobil markaları ilə rəqabət gücləndiyi halda, Çinə tədarüklər 19 faiz azalıb. E-Class kimi orta ölçülü modellər də daxil olmaqla əsas seqmentlərdə satışlar qlobal miqyasda 10 faiz azalaraq 1,05 milyon ədəd təşkil edib.
Bununla belə, elektrikli portfeldə canlanma əlamətləri var. Mercedes-in yeni CLA elektrikli sedanı Brüssel Beynəlxalq Avtomobil Sərgisində Avropada ilin avtomobili seçilib və həm CLA, həm də bazara yeni çıxacaq GLC EV üçün sifarişlər 2026-cı ilin ikinci yarısına qədər doludur.