ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini nazirliyə çağırıb. Səfirə təqdim olunan notada Rusiyanın dövlət televiziyasında səsləndirilən bəyanatlara görə “dərin narazılıq” ifadə olunub.
“AzPolitika” Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sözügedən bəyanatların “Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilə” olması ilə yanaşı, İrəvan - Moskva arasında dostluq münasibətlərinin əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Söhbət Rusiyanın ən tanınmış prokreml teleaparıcılarından biri olan Vladimir Solovyovun “Rossiya” dövlət kanalında yayımlanan “Vladimir Solovyovla axşam” adlı müəllif proqramından gedir. Proqramın son buraxılışında Solovyov Ukraynada olduğu kimi, Ermənistan da daxil olmaqla digər ölkələrdə “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü müdafiə edib. Rəsmi Moskva Ukraynaya qarşı müharibəni məhz “xüsusi hərbi əməliyyat” adlandırır.
Solovyov çıxışında ABŞ-nin Venesueladakı fəaliyyətini misal göstərərək, Vaşinqtonun “beynəlxalq hüquqa məhəl qoymadığını” və Nikolas Maduronun hakimiyyətdən zorla uzaqlaşdırılması cəhdini xatırladıb. Onun sözlərinə görə, Rusiya üçün Ermənistanı və Mərkəzi Asiya ölkələrini “itirmək” Venesuelanı “itirməkdən” daha təhlükəlidir.
“Beynəlxalq hüquqa, beynəlxalq qaydalara tüpürmək olar. Əgər milli təhlükəsizliyimiz naminə Ukraynada “xüsusi hərbi əməliyyat” başlatmaq zəruri idisə, eyni məntiqə əsasən niyə təsir zonamızın digər nöqtələrində də onubaşlatmayaq?”, – deyə Solovyov bildirib.
Qeyd olunur ki, Solovyov ilk dəfə deyil Rusiyaya qonşu ölkələr və MDB məkanındakı dövlətlər, o cümlədən Ermənistan ünvanına bu cür təhdidedici çıxışlar edir. 2024-cü ilin martında Ermənistan tərəfi onun müəllif proqramlarının “daimi pozuntulara yol verilməsi” əsas gətirilərək “RTR-Planeta” telekanalının multipleksində yayımlanmasını dayandırıb. Məsələ ilə bağlı Rusiya tərəfi rəsmi mövqe açıqlamayıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.