AZ

İlon Mask bir yaşlı oğlunun tam qəyyumluğunu tələb edib

Məşhur iş adamı Eşli Sent-Klerin transgenderlərlə bağlı açıqlamalarından sonra ondan olan oğluyla bağlı hüquqi addım atır...

Dünyanın ən zəngin şəxsi İlon Mask, konservativ yazıçı Eşli Sent-Klerin transgenderlər barədə açıqlamalarından sonra bir yaşlı oğlunun tam qəyyumluğunu almaq niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Mask özünün X sosial şəbəkəsində açıqlama verib.

Mask yazıb ki, Sent-Kler “uşaqların transgender tərbiyəsini dəstəkləyib” və bu səbəbdən o, oğlunun cinsiyyətinin dəyişdirilməsinə yol verə biləcəyindən narahatdır.

“Bugün tam qəyyumluq üçün sənədləri təqdim edirəm, çünki onun açıqlamalarından belə nəticə çıxır ki, o, bir yaşlı oğlanın cinsiyyətini dəyişdirmək istəyə bilər”, deyə Tesla şirkətinin rəhbəri bildirib. 

Hələlik, Maskın hansı konkret sözləri nəzərdə tutduğu məlum deyil.

27 yaşlı Sent-Kler isə həftəsonu X sosial şəbəkəsində transgender icmasından üzr istədiyini açıqlayıb. O, əvvəlki “şəffaf transfobiyası” ilə bağlı suallara cavab olaraq yazıb: “Öz rolum üçün böyük peşmançılıq hissi keçirirəm. Zərər vurduğum şəxslərə necə kömək edə biləcəyimi bilmirəm, amma özəl şəkildə öyrənməyə və onlara dəstək verməyə çalışıram”.

Sent-Kler eyni zamanda Maskın 21 yaşlı transgender qızı Viviyanı da xüsusi olaraq qeyd edib. Mask uzun illərdir Viviyanla əlaqə saxlamır və 2022-ci ildə Financial Times ilə söhbətində ironik şəkildə demişdi: “Hər zaman qalib gəlmək mümkün deyil”.

Mask Viviyanı bir neçə dəfə keçmiş adı ilə adlandırıb və 2024-cü ildə onu “woke düşüncəsi virusu ilə məhv olmasını” vurğulayıb.

Sent-Kler üzr müraciətində sözlərinin “sağçı isteriya” yarada biləcəyini və ya qarşı tərəf tərəfindən “səmimi olmayan” kimi qiymətləndirilə biləcəyini qeyd edib, lakin açıqlamasını “Amma bəli, üzr istəyirəm. Necə kömək edə biləcəyimi bildirə bilərsiniz” sözləri ilə yekunlaşdırıb.

Xatırladaq ki, keçən il Sent-Kler bildirib ki, Mask onun oğlunun atasıdır və sonradan Maskın atalıq hüququ təsdiqlənib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr