AZ

İnnovasiya Missiyası qlobal təşəbbüsünün katibliyi Beynəlxalq Enerji Agentliyinin qərargahında fəaliyyət göstərəcək

Bakı, 13 yanvar, AZƏRTAC

İnnovasiya Missiyası (Mission Innovation) qlobal təşəbbüsünün katibliyi Beynəlxalq Enerji Agentliyinin (IEA) Parisdəki qərargahında yerləşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə IEA məlumat yayıb.

Bildirilir ki, Beynəlxalq Enerji Agentliyi qabaqcıl enerji texnologiyalarının tədqiqatı, inkişafı, nümayişi və bu sahəyə investisiyaları stimullaşdırmaq məqsədilə fəaliyyət göstərən qlobal hökumət təşəbbüsü olan İnnovasiya Missiyasının katibliyinə ev sahibliyi edəcək. Dünyanın hər yerindən olan 24 üzv ölkə və hökumət İnnovasiya Missiyasının katibliyinin IEA-nın qərargahında yerləşməsini təsdiqləyib.

Qeyd olunur ki, bu qərar hər iki təşkilatın üzv hökumətləri tərəfindən təsdiqlənib və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

“İnnovasiya Missiyasının katibliyinin Beynəlxalq Enerji Agentliyinin qərargahında fəaliyyət göstərməsi enerji texnologiyaları üzrə beynəlxalq əməkdaşlıq üçün əla xəbərdir. Bu, enerjini daha təhlükəsiz, əlverişli və dayanıqlı etmək üçün qlobal miqyasında daha böyük innovasiyanı təşviq etmək üçün birlikdə çalışdığımız müddət ərzində həm IEA-nın, həm də “Mission Innovation”ın işini gücləndirəcək”, - deyə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.

Xatırladaq ki, “Mission Innovation” 2015-ci ildə qabaqcıl enerji texnologiyalarını hamı üçün əlverişli, cəlbedici və əlçatan etmək məqsədilə yaradılıb. Qurum hər il nazirlər səviyyəsində görüşlər keçirir.

Təşəbbüsə Avropa Komissiyası, ABŞ, Avstraliya, Avstriya, Almaniya, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Kanada, Çili, Çin, Danimarka, Finlandiya, Fransa, Hindistan, İtaliya, Yaponiya, Koreya Respublikası, Mərakeş, Niderland, Norveç, Səudiyyə Ərəbistanı, İspaniya və İsveç qoşulub.

 

Seçilən
24
azertag.az

1Mənbələr