Fransa millisinin sabiq müdafiəçisi Mamadu Sako karyerasını başa vurub.
QOL.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu özü açıqlama yayıb:
"Hər kəsə təşəkkür edirəm. Karyeramı bitirdiyimi rəsmi olaraq elan etmək istəyirdim. PSJ-yə minnətdaram. PSJ olmasaydı, belə gözəl anlar yaşamazdım".
Sako ötən ilin iyul ayından bəri klubsuz qalmışdı. Onun son komandası isə "Torpedo Kutaisi" olub.
Mamadu karyerasına PSJ-nin gənclər komandalarında başlayıb və 2007-ci ildən 2013-cü ilə qədər paytaxt təmsilçisində oynayıb. O, klubda 201 matç keçirib və Liqa 1 tarixində ən gənc kapitan olub. Sako Fransa çempionatında debütünü 2007-ci ilin oktyabrında 17 yaş 8 aylığında edib.
PSJ-dən ayrıldıqdan sonra müdafiəçi "Liverpul" və "Kristal Pelas" da oynayıb və 2021-ci ildə "Monpelye"yə keçib və orada 49 matça çıxıb.
Keçmiş futbolçu Fransa millisində 29 oyun keçirib.