AZ

Əlilliyi olan şəxs kredit borcunu ödəməzsə, hansı tədbirlər görülür? – AÇIQLAMA

Son zamanlar əlilliyi olan şəxslərə kreditlərin verilməsi ilə bağlı bir sıra iddialar səsləndirilir. Belə ki, bəzi vətəndaşlar bankların əlilliyi olan şəxslərə kredit verməməsindən şikayətlənir. Buna səbəb isə əlilliyi olan şəxslər kredit öhdəliklərini yerinə yetirmədikdə bankların həmin vəsaiti onlardan tələb edə bilməmələri və məhkəmələrin bu hallarda bankların zərərinə qərar çıxarmalıdır.

 

Bəs əlilliyi olan şəxslərə bank krediti verilmir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əlillərə verilən kreditlərdə risk səviyyəsi digər kreditlərdən fərqlənmir:

 

“Əlilliyi olan şəxslərin vəziyyəti ilə əlaqədar gəlirləri məhdud ola bilər. Bank vətəndaşın gəlirlərini müqayisə edir ki, gəliri nə qədərdir və stabil əldə edirmi? Əlilliyi olan vətəndaşlar, fəaliyyət imkanları məhdud olduğundan, digər vətəndaşlarla müqayisədə daha yüksək gəlir əldə etmək imkanlarından məhrum olurlar. Gəlirlərinin nisbətən aşağı olması isə bankların kreditləşmə zamanı daha ehtiyatlı yanaşmasını tələb edir. Bir də məsələnin sosial humanist tərəfi var. Pulu qaytara bilməyəndə bəzi hallarda bank vətəndaşı məhkəməyə verir, evindən çıxarır. Əlil şəxslərdə bu problem yarandıqda düşünülür ki, görüləcək tədbirlər mənfi rezonans yarada bilər. Bu səbəbdən ehtiyatlı yanaşma mövcuddur. Qanunən isə əlil vətəndaşın kifayət qədər, stabil gəliri olarsa, bank rahatlıqla kredit verə bilər, bununla bağlı problem yaranmır”.

 

X.Kərimli bildirib ki, kreditlər üzrə Mərkəzi Bank tərəfindən müvafiq qaydalar müəyyən edilib: “Burada diskriminasiya yoxdur. Mərkəzi Bank istehlak kreditləri ilə bağlı qayda müəyyən edib ki, vətəndaşın gəlirinin 45 faizdən çox aylıq kredit ödəməsi olmalı deyil. Onun kredit kartına da limit onun rəsmi aylıq maaşından, gəlirindən beş dəfədən çox təyin edilə bilməz. Bu hamıya aiddir. Əlil vətəndaşlara üstünlük tanınmır. Yanaşma hər kəsə eynidir. Kredit güzəşt və ya sosial yardım deyil. Faizlə qaytarılacaq puldur. Əlil vətəndaşın imkanı varsa kredit borcunu verəcək. Güzəştlərin olması məqsədəuyğun deyil. Məsələn, əlil vətəndaş krediti ödəyə bilmirsə, bank məhkəməyə verir. Məhkəmə də vətəndaşın yaşam xərclərini çıxdıqdan sonra qalan pulu kreditin ödənməsinə yönəldə bilər. Bu səbəbdən bu kimi hallar üçün əksər banklar əlil vətəndaşlara kredit verməyə həvəsli deyillər. Çox etibarlıdırsa, qaydalara uyğundursa, verirlər. Çünki məsələ məhkəmə səviyyəsinə çıxdıqda vətəndaşın rəsmi gəlirinə baxılır. Gələn gəlir onun xərclərini ancaq qarşılayırsa, krediti qaytarmağa pul qalmır. Ancaq bunun həlli hər zaman belə olmaya bilər”.

 

Bəs qanunvericilik bu məsələyə necə yanaşır?

 

“Ekspert-SM LTD” MMC-nin hüquqşünası Nigar Mustafayeva qeyd edib ki, hazırda qüvvədə olan normativ hüquqi aktlarda əlilliyi olan şəxslər üçün bank kreditləri üzrə xüsusi güzəşt və imtiyazlar barədə birbaşa norma müəyyən edilməyib: “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya mövcuddur. Bu, beynəlxalq konvensiyadır. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, əlilliyi olan şəxslər adi vətəndaşlarla bərabər hüquqlara malikdirlər və onlara qarşı ayrı-seçkiliyə yol verilmir. Eyni zamanda, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Yəni onlara qarşı ayrı-seçkilik qadağandır. Əlilliyi olan şəxslər barədə 5-ci maddədə qeyd edilir ki, dövlət siyasətinin əsas prinsiplərinə inklüzivlik daxildir.Yəni əlilliyi olan şəxslərin vəziyyəti nəzərə alınır, onlara hörmətlə yanaşılır və onların öz fərdiliyini qorumaq hüquqlarına hörmət olunması təmin edilir. Bütün normativ hüquqi aktları nəzərə alaraq demək olar ki, əlilliyi olan şəxslərin bankdan kredit alması və öhdəliklərini yerinə yetirməməsi halında məhkəmə onların hüquqi statusunu nəzərə almalıdır. Lakin öhdəliklər üzrə xüsusi güzəştlər və imtiyazlar yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulduğu hallarda tətbiq edilə bilər. Təcrübədə qanunvericilikdə göstərilən birbaşa norma, maddə yoxdur. Məhkəmə qərar qəbul edərkən əlilliyi olan şəxslərə qarşı ayrıseçkiliyə yol vermir. Onların hüquqlarının təmin olunması prinsiplərinə istinad edir. Lakin kredit öhdəliklərinin icrasına dair xüsusi güzəştlər yalnız müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulur. “Banklar haqqında” Qanuna əsasən, bankların ayrı-ayrı müştəri qruplarına fərdi qaydada güzəştli kreditlər verməsi qadağandır. Bu cür güzəştlər yalnız qanunvericiliklə birbaşa nəzərdə tutulduğu hallarda mümkündür. Eyni zamanda, məhkəmə qərar qəbul edərkən müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq məcəllələrə və normativ hüquqi aktlara əsaslanır”.

 

Şəhanə Quliyeva

Tarix: 13 Yanvar 2026, 12:27   
Seçilən
27
pravda.az

1Mənbələr