Bu gün prokurorluq orqanlarına qulluğa qəbul olunacaq gənclərin həyatında tarixi bir gündür. Bu, işə qəbul prosesinin kulminasiya nöqtəsidir. Bu proses bir ilə yaxın müddətdə davam edir. Hər il aprelin 15-də prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan olunur. Bu gün də 51 nəfərin andiçməsi nəzərdə tutulur. Siz prokurorluq orqanlarının cəmiyyətdə rolu barədə kifayət qədər məlumatlısınız, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında vacib rol oynayan bir orqana işə qəbul olunursunuz. Prokurorluq dövlətin dayağıdır, fərqli hüquq sistemlərindən asılı olmayaraq dünyanın hər yerində bu belədir.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxış edərkən deyib.
Kamran Əliyev qeyd edib ki, bu gün 51 gənc mütəxəssisin andiçməsi olacaq: “Andiçmə mərasimindən sonra artıq müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək”.