AZ

Avtobus sürücüləri tətilə başlayıblar

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyanın paytaxtı Seulun şəhərdaxili avtobus sürücüləri əmək haqqının artırılması tələbi ilə yanvarın 13-də qeyri-müəyyən müddətə tətilə başlayıblar.

Hafta.az Cənubi Koreya mediasına istinadla xəbər verir ki, yanavrın 12-də sürücülərin həmkarlar ittifaqının nümayəndələri ilə rəhbərlik arasında 10 saatlıq görüş nəticəsiz başa çatdıqdan sonra tətil qərarı elan edilib. Gecə saat 4:00-dan etibarən paytaxtda bütün şəhərdaxili avtobus xidmətləri dayandırılıb.

Seul bələdiyyəsi tətilin sərnişindaşınmaya təsirini azaltmaq üçün alternativ variant olaraq xəttə çıxan metro qatarlarının sayını artırıb, metronun iş saatları da gecə saat 2-dək uzadılıb. Bundan başqa, müxtəlif məntəqələrdən metro stansiyalarına pulsuz avtobuslar fəaliyyət göstərir.

Qeyd edək ki, daşıyıcı şirkətlərin rəhbərlikləri Ali Məhkəmənin bonusların işçinin müntəzəm əmək haqqının bir hissəsi olması barədə qərarına uyğun olaraq, əmək haqqının 10,3 faiz artırılmasını təklif edib. Lakin həmkarlar ittifaqı daşıyıcı şirkətlərin rəhbərliyinin əlavə xərclərin yükünü azaltmaq üçün əsas əmək haqqına bonusları daxil edən yeni əmək haqqı sisteminin yaradılması təklifinə etiraz edir. Onlar əmək haqqı sistemini yenidən nəzərdən keçirmədən 3 faiz artırılmasını, təqaüd yaşının 65-dək uzadılmasını və əməyin qiymətləndirilməsində ayrı-seçkiliyin ləğvini tələb edirlər.

Seulda 64 şirkət tərəfindən idarə olunan 394 marşrutda hər gün 7 min 300-dən çox avtobus hərəkət edir.

Seçilən
75
25
hafta.az

10Mənbələr