AZ

Seçkilərdə iştirak hüququndan məhrum edilən Fransanın “Milli Birlik” partiyasının nümayəndəsinin apellyasiya şikayətinə baxılacaq

Paris, 13 yanvar, AZƏRTAC

Fransanın “Milli Birlik” partiyasının Avropa Parlamentindəki parlament köməkçiləri ilə bağlı iş üzrə apellyasiya prosesi yanvarın 13-dən fevralın 12-dək Paris Apellyasiya Məhkəməsində keçiriləcək. Bu iş çərçivəsində partiyanın Milli Assambleyadakı deputat qrupunun sədri Marin Lö Pen yenidən məhkəmə qarşısına çıxacaq.

AZƏRTAC xəbər verir ki, Marin Lö Pen ümidli olduğunu bildirib. “Bu, yeni məhkəmə instansiyasıdır, yeni hakimlər var. İşə bir növ sıfırdan baxılacaq. Mən hakimləri günahsız olduğuma inandırmağa ümid edirəm”, – deyə o, mətbuata açıqlamasında vurğulayıb.

Marin Lö Pen əlavə edib ki, müdafiə strategiyası dəyişməz qalır: “Yeganə müdafiə xətti həqiqəti deməkdir. Birinci instansiyada olduğu kimi, apellyasiya mərhələsində də eyni yolu tutacağam və ümid edirəm ki, bu dəfə daha yaxşı eşidiləcəyəm.”

“Milli Birlik” partiyasının lideri Jordan Bardella isə bildirib ki, Marin Lö Penin 2027-ci il prezident seçkilərində namizədliyinə mane ola biləcək hər hansı hökm demokratiya üçün son dərəcə narahatedici olar. Onun sözlərinə görə, demokratiya xalqın azad seçimini, heç bir maneə və ya qeyri-səmimi müdaxilə olmadan qərar vermək hüququnu nəzərdə tutur. Jordan Bardella bir daha Marin Lö Penə tam dəstəyini ifadə edib: “O, şübhəsiz ki, günahsızlığını sübut edəcək”.

Partiya sədri qeyd edib ki, birinci instansiyada olduğu kimi, bu dəfə də Marin Lö Penlə razılaşma əsasında məhkəmə prosesində şəxsən iştirak etməyəcək. Bununla belə, onunla gündə bir neçə dəfə əlaqə saxlayacaq və prosesin gedişinə nəzarət edəcək.

Jordan Bardella, həmçinin partiyanın iki əsas siması arasında siyasi fikir ayrılığının olmadığını vurğulayıb. O, 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini, hədəfinin baş nazir vəzifəsi olduğunu bir daha diqqətə çatdırıb.

Xatırladaq ki, birinci instansiya məhkəməsində çıxarılan hökmə əsasən, Marin Lö Pen seçkilərdə iştirak hüququndan məhrum edilib.

Seçilən
85
azertag.az

1Mənbələr