Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Novxanıda dəniz kənarında qonaqlara müxtəlif növ qutablar təklif edən restoranlarda, həmçinin Corat qəsəbəsində bu cür qutabların hazırlanması və satışıyla məşğul olan obyektlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları bugünlərdə reydlər keçirib.
Bizimyol.info xəbər verir ki, reydlər nəticəsində bir çox obyekt sahibləri cərimələnib. Səbəb kimi isə göstərilib ki, qutabın hazırlanmasında istifadə olunan ətin mənşəyi və təhlükəsizliyilə bağlı sənədlər onların əlində yoxdur. AQTA təmsilçiləri bunu istehlakçı hüquqlarının pozulması kimi qiymətləndiriblər.
“Reyd keçirməyə gələnlər Agentliyin Abşeron-Xızı Regional bölməsinin əməkdaşları idi. Deyirlər ki, ətin sertifikatını təqdim elə. Bu Agentlik gedib qəssabların başının üstünü kəsdirir ki, “heyvanlar biz deyən yerdə, bizim baytarların nəzarəti altında kəsilməlidir”. Orada kəsilib, mağazalara verilir, biz də gedib mağazadan alırıq. Mağazadan ət alanda sertifikat istəyirlər? Bizim balaca bir obyektimiz var, orada qutab bişirib satırıq, nə istəyirlər bizdən?! Əslində, nə istədikləri məlumdur...”, - Corat qəsəbəsində fəaliyyət göstərən kiçik sahibkar narazılığını dilə gətirir.
Novxanıda dəniz kənarında yerləşən restoranlardan birinin əməkdaşı deyir ki, AQTA əməkdaşları onlara “dəvə qutabı” ilə bağlı irad tutub. Onlardan tələb olunub ki, dəvə əti ilə bağlı sənədlər təqdim eləsinlər: “İzah eləməyə çalışdıq ki, biz dəvə qutabı vermirik. Ümumiyyətlə, bu ərazidəki restoranların əksəriyyəti dəvə qutabını çoxdan yığışdırıb. Bəhanə axtarırlar ki, obyekt sahibini ilişdirsinlər. İmkan vermirlər, hərəsi bir tərəfdən bezdirir. Hər halda, restoran sahibi də məsuliyyətini başa düşür, zay mal almaz ki, sabah kimsə zəhərlənsə, bunun arxasında dayanmaq lazımdır. Ən əsası, Qida Təhlükəsizliyi Agentliyi ona nəzarət eləməlidir ki, o zay məhsul ümumiyyətlə, satışa çıxmasın. Yaxşı, gəlib restoranı cərimələdin, bilmədən alıb evinə aparıb yeyənləri neyləyəcəksən? Deməli, imkan verməməlisən ki, elə mallar satışa çıxsın”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin açıqlamalarında bildirilir ki, ət məhsullarının hazırlanması məqsədilə diri heyvanların kəsimi xüsusi ayrılmış və Agentlik tərəfindən təsdiqlənmiş kəsimxanalarda və baytar həkimin nəzarəti altında aparılmalıdır. Ət məhsulları üçün baytarlıq arayışı alınmalıdır.
Novxanı və Coratdakı reydlərə gəlincə, onların vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirildiyi, istifadə olunan ətlərin mənşəyi və təhlükəsizliyi ilə bağlı sənədlərin olmaması hallarının aşkarlandığı bildirilib.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.