AZ

Günay Əkbərova: Süni intellekt təhsildə müəllimi əvəz etmir, onun işini asanlaşdırır

Bakı, 13 yanvar, AZƏRTAC

Süni intellektin təhsildə istifadəsi artıq bu günün reallığıdır. Dünya təcrübəsi göstərir ki, bu texnologiya təhsildə nə avtomatik xilas yolu, nə də təhlükədir. Onun təsiri necə tətbiq olunmasından, hansı pedaqoji məqsədə xidmət etməsindən və insan amilinin hansı mövqedə saxlanılmasından asılıdır.

İnkişaf etmiş ölkələrin təcrübəsində süni intellekt daha çox fərdiləşdirilmiş öyrənməni gücləndirən alət kimi çıxış edir. ABŞ, Kanada, Sinqapur və bir sıra Avropa ölkələrində süni intellektəsaslı platformalar şagirdin öyrənmə tempini, səhvlərini və güclü tərəflərini analiz edərək ona uyğun tapşırıqlar təqdim edir. Bu yanaşma xüsusilə fərqli səviyyəli şagirdlərin eyni sinifdə daha ədalətli şəkildə irəliləməsinə imkan yaradır. Eyni zamanda, inklüziv təhsil baxımından da mühüm fürsətlər açır – öyrənmə çətinliyi olan, dil baryeri yaşayan və ya xüsusi ehtiyacı olan şagirdlər üçün daha çevik dəstək mexanizmi formalaşır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib.

O bildirirb ki, dünya təcrübəsində diqqətçəkən digər mühüm məqam müəllimin rolunun dəyişməsidir. Süni intellekt müəllimi əvəz etmək üçün deyil, onun işini daha effektiv təşkil etmək üçün istifadə olunur. Rutin tapşırıqların yoxlanması, ilkin qiymətləndirmə, məlumatların analizi kimi proseslərin avtomatlaşdırılması müəllimə şagirdlə daha keyfiyyətli ünsiyyət qurmaq imkanı yaradır. Bu zaman müəllim bilik ötürən yox, şagirdi düşünməyə, sual verməyə və istiqamət seçməyə təşviq edən mentor roluna yaxınlaşır. Məhz bu model müasir təhsil sistemlərində daha dayanıqlı hesab olunur.

“Lakin eyni təcrübə göstərir ki, süni intellektin nəzarətsiz və məqsədsiz istifadəsi ciddi risklər yaradır. Ən böyük risk şagirdin düşünmə məsuliyyətini texnologiyaya ötürməsidir. Əgər şagird tapşırığı özü analiz etmirsə, mətn üzərində düşünmürsə, problemi həll etmirsə və hazır cavabı təqdim edirsə, bu artıq öyrənmə deyil, formal nəticə əldə etməkdir. Bir sıra ölkələrdə aparılan tədqiqatlar göstərir ki, süni intellektdən nəzarətsiz istifadə yazı bacarığının, tənqidi düşünmənin və yaradıcı yanaşmanın zəifləməsinə səbəb ola bilər.

Digər mühüm risk insan münasibətlərinin zəifləməsidir. Təhsil yalnız texniki bacarıqların formalaşması deyil, eyni zamanda, dəyərlərin, emosional intellektin və sosial bacarıqların inkişafıdır. Dünya təcrübəsində xüsusilə ibtidai və orta təhsil pilləsində texnologiyanın insan münasibətlərini əvəz etməsinin mənfi psixoloji təsirləri müşahidə olunur. Bu səbəbdən bir çox ölkələrdə süni intellektin istifadəsi yaşa və mərhələyə uyğun şəkildə tənzimlənir”, - deyə müsahibimiz qeyd edib.

Onun fikrincə, bərabərsizlik riski də diqqətdən kənarda qalmamalıdır. Süni intellektə çıxışı olan məktəblərlə bu imkanlardan məhrum olan təhsil müəssisələri arasında fərq arta bilər. Dünya praktikasında bu riski azaltmaq üçün dövlət səviyyəsində vahid platformaların yaradılması və müəllimlərin bu texnologiyalardan düzgün istifadə bacarıqlarının artırılması prioritet hesab olunur.

Bu kontekstdə əsas məsələ süni intellekti qadağan etmək yox, onu düzgün çərçivəyə salmaqdır. Bir çox ölkələrdə şagirdlərə süni intellektdən necə istifadə etməli olduqları öyrədilir – cavabı əvəz etmək üçün deyil, düşüncə prosesini dəstəkləmək, alternativ baxışlar görmək və öz səhvlərini analiz etmək üçün. Müəllimlər üçün isə aydın metodiki yanaşmalar formalaşdırılır ki, texnologiya pedaqoji məqsədləri kölgədə qoymasın.

“Nəticə etibarilə süni intellekt təhsildə nə möcüzə, nə də təhlükədir. O, mövcud təhsil sisteminin güclü və zəif tərəflərini daha aydın göstərən güzgüdür. Əgər məqsəd düşünən, məsuliyyət daşıyan, tənqidi baxışı olan və dəyərlərlə formalaşmış insan yetişdirməkdirsə, süni intellekt bu məqsədə xidmət edən güclü vasitəyə çevrilə bilər. Əgər əsas hədəf yalnız formal nəticə və göstəricilərdirsə, o zaman risklər üstünlük qazanacaq. Təhsildə süni intellektin taleyini müəyyən edən əsas amil texnologiyanın özü deyil, ona hansı pedaqoji və insani məna yüklənməsidir”, - deyə G.Əkbərova fikrini yekunlaşdırıb.

Seçilən
56
azertag.az

1Mənbələr