Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin təxminən bir il əvvəl, konkret, 2025-ci ilin 3 fevralında baş tutan iclasında 2025/2026 mövsümündə Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviq mexanizmi tətbiq etməsi barədə qərar çıxardı. Qərara əsasən, bonus fondu Misli Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşacaq. Yeni qaydaya əsasən, legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi (minimum 1 000 000 AZN) Misli Premyer Liqasında çıxış edən klublar arasında bölüşdürüləcək. Həmçinin, mövsüm ərzində yerli futbolçuların (əmsallar nəzərə alınmaqla) ən çox xal topladığı klub əlavə mükafat (ümumi məbləğdən 50 000 AZN) qazanacaq.
Hər bir klubun heyətində meydana çıxmış yerli futbolçuların oynadığı ümumi dəqiqə sayı Misli Premyer Liqasının bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun olaraq hesablanacaq.
Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlar üzrə ümumi yerli futbolçu 1,0 əmsal, 21 yaş və daha gənc yerli futbolçu 1,5 əmsal, klubun yetirməsi (əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu) isə 2,0 əmsalla qiymətləndiriləcək.
Hesablama yalnız 90 dəqiqəlik əsas oyun vaxtını əhatə edəcək. Əlavə olunmuş vaxtda meydana daxil olan oyunçular üçün yalnız 1 dəqiqə qeyd olunacaq. Bir futbolçu eyni zamanda bir neçə kateqoriyaya uyğun gəldikdə, onun oyun dəqiqələri ən yüksək əmsalla hesablanacaq.
Fanat.Az qaydalara uyğun hesablama apararaq hansı klubun daha çox bonus əldə edəcəyini müəyyənləşdirib.
Bunun üçün ilk növbədə legionerlərə görə toplanan rüsuma diqqət yetirək. Sözsüz ki, istər rüsum, istərsə də bonuslarla bağlı məbləğ mövsümün ilk yarısına əsasən hesablanıb. Qış fasiləsindən sonra bu rəqəmlər dəyişəcək. İstənilən halda, hazırkı mənzərəylə tanışlıq maraqlı olar.
Klublar 2 milyon 340 min manat rüsum ödəyiblər
İlk növbədə xatırladaq ki, Premyer Liqada bu mövsümdən legioner limiti ilə bağlı yeni qaydalar tətbiq olunub. Belə ki, klublar heyətindəki əcnəbilərə görə, əlavə rüsum ödəyirlər. Məhz ötən ilin fevralında keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən rüsumlarla bağlı qərar belədir:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN
Göründüyü kimi, say artdıqca, məbləğ də yüksəlir və mövsümün gedişində transfer edilən legioner göndərilsə belə, qeydiyyatdakı saydan azalmayacaq.
Premyer Liqa klublarının qış fasiləsinə qədər heyətinə qatdığı əcnəbi oyunçu sayı və onlara görə ödədiyi rüsumlar:
Qarabağ – 16 (585000 AZN)
Neftçi – 15 (385000 AZN)
Zirə – 15 (385000 AZN)
Sabah – 14 (285000 AZN)
Turan Tovuz – 13 (185000 AZN)
Araz-Naxçıvan – 12 (85000 AZN)
Karvan-Yevlax – 12 (85000 AZN)
Kəpəz – 12 (85000 AZN)
Sumqayıt – 11 (75000 AZN)
Şamaxı – 10 (65000 AZN)
İmişli – 10 (65000 AZN)
Qəbələ – 9 (55000 AZN)
Beləliklə, klublar mövsümün ilk yarısı ərzində legionerlərə görə 2 milyon 340 min manat rüsum ödəyiblər. "Legioner rüsumlarından ayrılacaq vəsaitin müəyyən hissəsi"ndəki rəqəmə aydınlıq gəlmədiyi üçün indiki halda "minimum 1 milyon" vəsaitə əsasən pay bölgüsünü hesablamalı olduq. İstənilən halda, minimum məbləğin ikiqatı toplandığı üçün AFFA bonus ayırmaqda çətinlik çəkməyəcək. Qış fasiləsinə qədər rüsumlardan toplanan vəsaitin təxminən 43 faizini bonuslara ayıracaq.
"Araz-Naxçıvan" 2025-i qazancsız başa vurub
Premyer Liqanın 1-16-cı turları ərzində klublar ümumilikdə 123 yerli futbolçunun xidmətindən yararlanıblar. Onların meydanda olduğu ümumi dəqiqələrin cəmi 57910-a bərabərdir.
Bütün klubların yerli futbolçularının ümumi dəqiqə sayındakı faiz payına uyğun hesablamaya əsasən, "Araz-Naxçıvan" 7-ci yerdədir. Mövsümün birinci hissəsində Naxçıvan təmsilçisinin heyətində 10 yerli oyunçu meydana çıxıb. Adı sifariş ərizəsində olan futbolçuların hamısı 1 əmsallıq statusa uyğundur. Başqa sözlə, sözügedən klubda nəinki yaşlı yetirməsi, heç gənc də yoxdur.
"Ağ-qırmızılar"da forma geyən futbolçuların meydanda qaldığı dəqiqə sayı 5263-ə bərabər olub. Əmsalları nəzərə aldıqda belə dəyişməz qalan bu rəqəm çempionatda top qovan azərbaycanlı futbolçuların oynadığı ümumi dəqiqə cəminin 9,09 faizi deməkdir. "Bonus fondu"ndakı (1 milyon) paya gəldikdə isə, faiz nisbəti isə daha aşağıdır - 7,35. Bu isə 73500 manata bərabərdir.
Beləliklə, 12 əcnəbini qeydiyyata aldırmaq üçün 85 min manat rüsum ödəməli olan "Araz-Naxçıvan" bu məbləği əlavə mənbələrdən 11500 manat cəlb etməklə düzəltməlidir.

Mirağa
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.