Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moldova prezidenti Maya Sandu bildirib ki, əgər ölkədə Rumıniya ilə birləşməyə dair referendum təklifi olsa, o, təşəbbüsü dəstəkləyərdi. Prezident eyni zamanda vurğulayıb ki, hazırda Moldova cəmiyyətində bu ideyanı dəstəkləyən çoxluq yoxdur. Onun sözlərinə görə, ölkə daxilində ictimai rəy hələlik belə bir qərar üçün yetərli deyil.
Sandu əlavə edib ki, mövcud beynəlxalq şərtlər daxilində kiçik dövlətlər üçün suverenliyi və demokratik idarəetməni qorumaq getdikcə daha çətinləşir. Prezident hesab edir ki, qlobal proseslər fonunda bu məsələ daha dərin və açıq müzakirə tələb edir.
Bəs, Moldova Rumıniya ilə hansı formatda birləş bilərmi? Bu yöndə tarixi presedentlər necədir, hansı nəticələr doğurub və nə kimi tendensiya yarada bilər?
Maya Sandunun Rumıniya ilə mümkün birləşmə ideyasına açıq dəstək ifadə etməsi, eyni zamanda bu təşəbbüsün hazırda cəmiyyətdə geniş dəstək tapmadığını vurğulaması ölkənin qarşısında duran mürəkkəb siyasi seçimi bir daha gündəmə gətirir. Bu açıqlama təkcə Moldovanın daxili gündəmi ilə məhdudlaşmır, həm də Şərqi Avropada suverenlik, inteqrasiya və milli kimlik mövzularını yenidən aktuallaşdırır. Teorik-nəzəri baxımdan Moldova ilə Rumıniyanın birləşməsi mümkündür. Hər iki ölkəni ortaq dil, mədəniyyət və tarixi keçmiş birləşdirir.
14-cü əsrdə formalaşan Moldova knyazlığı əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olub. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyulub. Moldova knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi. Ona görə də bu dövrdə moldovan və rumın anlayışları ayrı kimliklər kimi deyil, eyni etnik-mədəni məkanın tərkib hissəsi kimi qəbul olunurdu. 16-cı əsrdən etibarən Moldova knyazlığı Osmanlı imperiyasının vassalına çevrilsə də, daxili muxtariyyətini qoruyub saxladı. Lakin 1812-ci ildə Rusiya-Osmanlı müharibəsindən sonra knyazlığın şərq hissəsi - Bessarabiya Rusiya imperiyasına birləşdirildi. Məhz bu hadisə Moldovanın tarixi yolunu Rumıniyadan ayıran əsas dönüş nöqtəsi oldu. Qərb hissə isə sonradan formalaşan Rumıniya dövlətinin tərkibində qaldı. Birinci dünya müharibəsi və Rusiya imperiyasının süqutunun ardından bolşeviklərin hakimiyyətə gəlməsi fonunda Bessarabiyada siyasi boşluq yaranmışdı. Bu şəraitdə yerli nümayəndə heyəti-Sfatul Țarii 1918-ci ilin əvvəllərində özünü muxtar elan etdi. Nəhayət 27 mart 1918-ci ildə Rumıniya Krallığı ilə birləşmə qərarı qəbul etdi. Bu birləşmə bölgənin tarixi kimliyini, strateji əhəmiyyətini və Rumıniyanın regiona təsirini əks etdirirdi. Bu dövr Moldova-Rumıniya birliyinin ən konkret tarixi nümunəsi hesab olunur.

1940-cı ildə Molotov-Ribbentrop paktının nəticəsi olaraq sovet ittifaqı Bessarabiyanı işğal etdi və Moldova SSR yaradıldı. Sovet hakimiyyəti dövründə "moldovan xalqı" və "moldovan dili" anlayışları ayrıca kimlik kimi formalaşdırıldı, kiril əlifbası tətbiq olundu. Bu siyasət Rumıniya ilə ortaq tarixi və mədəni bağların zəiflədilməsinə xidmət edirdi. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Moldova müstəqillik qazandı. Bu mərhələdə rumın kimliyi və Rumıniya ilə birləşmə ideyası yenidən gündəmə gəlsə də, sovet dövründə formalaşmış siyasi və etnik reallıqlar cəmiyyətdə parçalanmaya səbəb oldu. Dnestryanı münaqişə, rusdilli əhali və Qaqauziya faktoru bu prosesi daha da mürəkkəbləşdirdi. Lakin 2018-cu ildə Moldovanın 100-dən çox yaşayış məntəqəsi Rumıniya ilə birləşmək məqsədilə simvolik bəyannaməyə imza atıb. "Böyük birləşmə"nin 100-cü ildönümü ərəfəsində bəyannaməyə imza atan şəhər və rayonların sayı durmadan artıb. Yəni Moldova ilə Rumıniyanı birləşdirən tarix orta əsrlərdən başlayaraq ortaq dövlətçilik, dil və mədəniyyət üzərində qurulub. Ayrılıq isə əsasən 19-20-ci əsrlərdə imperiyalar və geosiyasi razılaşmalar nəticəsində baş verib. Bu səbəbdən birləşmə ideyası tarixə söykənən arqumentlərə malik olsa da, bugünkü siyasi və ictimai reallıqlar həmin tarixi mirasın avtomatik olaraq siyasi birlik yaratmasına imkan vermir. Lakin praktik reallıqlar bu ehtimalı xeyli mürəkkəbləşdirir. Moldova cəmiyyəti etnik, siyasi və geosiyasi baxımdan parçalanmış vəziyyətdədir. Dnestryanı bölgə faktiki olaraq mərkəzi hakimiyyətə tabe deyil, Qaqauziyada isə birləşməyə skeptik yanaşma üstünlük təşkil edir. Bu şərtlər altında ümumxalq referendumu yolu ilə qərar qəbul etmək real görünmür. Maya Sandunun da etiraf etdiyi kimi, ictimai rəy hələlik belə bir dönüş üçün hazır deyil və bu, Moldovanın siyasi rəhbərliyinin manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Birləşmə hansı formatda ola bilər?
Mümkün ssenarilər bir neçə formatda müzakirə olunur. Tam siyasi birləşmə: Yəni Moldova Rumıniyanın tərkibinə daxil olur. Bu model ən radikal və ən az ehtimal olunan variantdır.
Konfederativ və ya xüsusi statuslu model: Moldova formal olaraq müstəqilliyini saxlayır, lakin Rumıniya ilə dərin siyasi və iqtisadi inteqrasiya qurur.
Avropa İttifaqı çərçivəsində yaxınlaşma: Moldova Aİ-yə üzv olduqdan sonra Rumıniya ilə sərhədlərin və institusional fərqlərin faktiki olaraq aradan qalxması.
Hazırkı beynəlxalq şəraitdə üçüncü variant daha real və riskləri nisbətən az olan yol kimi qiymətləndirilir. Bu, həm suverenliyin qorunmasına, həm də inteqrasiyanın dərinləşməsinə imkan yaradır.
Tarix göstərir ki, birləşmə prosesləri yalnız siyasi iradə ilə deyil, geniş ictimai konsensusla mümkün olur. 1990-cı ildə Almaniyanın birləşməsi uğurlu nümunə sayılsa da, bu proses ciddi iqtisadi və sosial çətinliklər yaradıb və onların aradan qaldırılması uzun illər tələb edib. Əks nümunə kimi Yuqoslaviyanın dağılması göstərir ki, ortaq kimlik və razılaşma olmadan məcburi birlik cəhdləri ağır nəticələr doğura bilər. Digər bir nümunə isə Çexoslovakiyadır.
Moldova-Rumıniya kontekstində də bu nümunələr tarixi presedent olsa da, hazırkı siyasi və beynəlxalq reallıqlarla uyğun gəlmir.

Avropa və dünya üçün hansı tendensiya yarada bilər?
Birləşmə prosesi Avropada onsuz da həssas olan sərhədlər və milli dövlətlər məsələsini yenidən gündəmə gətirə bilər. Bir tərəfdən bu, Avropa İttifaqı daxilində inteqrasiyanın daha da dərinləşməsi kimi təqdim oluna bilər. Digər tərəfdən isə separatizm və ya ərazi dəyişiklikləri ilə bağlı mübahisələri gücləndirə, bəzi regionlarda oxşar iddiaları təşviq edə bilər. Qlobal miqyasda isə bu məsələnin kiçik dövlətlərin təhlükəsizlik və suverenlik dilemmasını ön plana çıxarmaqla nəticələnməsi mümkündür.
Maya Sandunun vurğuladığı kimi, mövcud beynəlxalq şəraitdə kiçik ölkələr üçün müstəqilliyi və demokratik idarəetməni qorumaq getdikcə çətinləşir. Nəticədə Moldovanın Rumıniya ilə birləşməsi ideyası yaxın perspektivdə daha çox siyasi diskussiya mövzusu olaraq qalacaq.
İctimai rəyin yetərli olmaması, daxili və regional problemlər isə bu ssenarini reallıqdan uzaqlaşdırır. Hazırkı mərhələdə Moldova üçün ən rasional yol Avropaya inteqrasiyanı dərinləşdirmək, suverenliyi qorumaq və cəmiyyət daxilində konsensus yaratmaqdır. Birləşmə isə yalnız uzunmüddətli və çoxşaxəli proseslərin mümkün nəticəsi kimi qiymətləndirilir.
Mərahim Nəsib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.