AZ

Əhalinin fasiləsiz su təchizatı ilə təmin olunması hədəflənir

Ölkə ərazisində müasir su təchizatı və kanalizasiya infrastrukturunun formalaşdırılması əhalinin sosial rifahının yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində dövlətin strateji prioritetlərindən biri kimi müəyyən edilib. Reallaşdırılan genişmiqyaslı islahatlar və investisiya layihələri regionların, xüsusilə də Abşeron yarımadasının su təminatının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Bu çərçivədə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ildə paytaxt və ətraf ərazilərdə dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının səmərəli idarə olunması, habelə suvarma sistemlərinin yenidən qurulması məqsədilə mühüm layihələr icra edilib.

Publika.az xəbıər verir ki, AZƏRTAC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ildə Abşeron yarımadasında görülmüş işləri təhlil edir.

Xüsusilə qeyd etməliyik ki, bütün bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə içməli su təminatının gücləndirilməsi və su infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan strateji siyasətin bir hissəsi kimi həyata keçirilir. Bu layihələr sayəsində əhalinin gündəlik su ehtiyacı daha etibarlı şəkildə təmin olunmaqla yanaşı, tullantı sularının idarə edilməsi və kanalizasiya sistemlərinin yenilənməsi ilə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir.

Su təchizatı və kanalizasiya infrastrukturunun yenilənməsi

Abşeron yarımadasında son illər müşahidə olunan əhalinin sürətli artımı, intensiv urbanizasiya və sənaye fəaliyyətinin genişlənməsi regionun su təchizatı və kanalizasiya sistemlərinin mövcud yükünü əhəmiyyətli dərəcədə artırıb. Bu amillər mövcud infrastrukturun texniki cəhətdən yenilənməsini və müasir tələblərə uyğunlaşdırılmasını zəruri edib. Məhz bu ehtiyacları nəzərə alaraq həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri həm mövcud şəbəkələrin mərhələli şəkildə yenilənməsini, həm də əhalinin dayanıqlı və fasiləsiz su təchizatı ilə təmin olunmasını hədəfləyir. Paralel olaraq görülən işlər xidmət keyfiyyətinin yüksəldilməsinə və su təsərrüfatı sahəsində beynəlxalq standartların tətbiqinə imkan yaradır.

Seçilən
133
publika.az

1Mənbələr