AZ

Nigar Zeynalova: Dövlət Uşaq Filarmoniyasında 150-yə yaxın uşaq rəqs dərslərində fəal iştirak edir

Bakı, 13 yanvar, AZƏRTAC

Hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 150-yə yaxın uşaq rəqs dərslərində fəal iştirak edir. Tələbələrimizin yaş həddi 5-dən 15 yaşadəkdir. Uşaqların rəqsə olan marağı ildən-ilə artır ki, bu da ailələrin övladlarının istedadını erkən yaşlardan üzə çıxarmaq istəyindən irəli gəlir. Rəqs dərsləri uşaqların fiziki inkişafı ilə yanaşı, onların özünəinamının formalaşmasına, kollektivdə işləmək bacarığının güclənməsinə və səhnə qorxusunun aradan qalxmasına mühüm təsir göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Nigar Zeynalova deyib.

O bildirib ki, hər il olduğu kimi, sentyabr ayından etibarən yeni rəqs qruplarına start verilir və milli rəqslərin tədrisi xüsusi əhəmiyyət daşıyır. Milli rəqslər vasitəsilə uşaqlara xalqımızın tarixi, mədəniyyəti və adət-ənənələri aşılanır. Bununla yanaşı, kollektiv üzvlərinin dünyagörüşünün genişlənməsi və fərqli mədəniyyətlərə marağının artırılması məqsədilə dünya xalqlarının rəqsləri də tədris proqramına daxil edilir.

“25 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Bu illər ərzində çoxsaylı tələbələr yetişdirmiş, onların həm peşəkar, həm də şəxsi inkişafına töhfə vermişik. Filarmoniya uşaqlar üçün yalnız rəqs məkanı deyil, eyni zamanda səhnə mədəniyyətinin, düzgün davranış qaydalarının, məsuliyyət hissinin və estetik zövqün formalaşdığı bir məktəbdir. Burada uşaqlar, həmçinin sənətə sevgi ilə yanaşmağı, zəhmətkeşlik və nizam-intizamın uğura aparan əsas amillər olduğunu da öyrənirlər”, - deyə Nigar Zeynalova qeyd edib.

Seçilən
64
azertag.az

1Mənbələr