Bakı, 13 yanvar, AZƏRTAC
UNEC-in göstərdiyi oyun mövsümün sonuna doğru yüksək yerlər uğrunda mübarizə apara biləcəyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət UNEC klubunun prezidenti Vüqar Məmmədov deyib.
O, komandanın bu mövsüm üçün əsas hədəflərini açıqlayıb: “Əsas məqsəd stabil oyun qurmaq, komandanın peşəkar səviyyəsini möhkəmləndirmək və hər matçda maksimum mübarizə aparmaqdır. Komanda yenidən formalaşdırılıb və mövsüm ərzində addım-addım inkişaf edirik. Çempionluq şanslarına gəlincə, rəqabət çox yüksəkdir, lakin göstərdiyimiz oyun və potensial UNEC-in mövsümün sonuna doğru yüksək yerlər uğrunda mübarizə apara biləcəyini göstərir”.
Klub rəhbəri avrokuboklarda iştirak məsələsinə də toxunub: “Avrokuboklarda iştirak məsələsi Azərbaycan çempionatının mövsüm sonundakı nəticəsindən asılıdır. Bundan əlavə, belə bir qərarın verilməsi üçün maliyyə dəstəyi və klubun imkanları da əsas rol oynayır. Əgər idman nəticələri və maliyyə şərtləri uyğun olarsa, UNEC üçün avrokuboklarda iştirak perspektivi mütləq dəyərləndiriləcək”.
V.Məmmədov gənc voleybolçuların hazırlanması üçün görüləcək işlərdən də bəhs edib: “Hazırda UNEC klubunda aşağı yaş qrupları üzrə rəsmi gənc voleybolçuların hazırlıq sistemi mövcud deyil. Lakin bu istiqamət klubun uzunmüddətli planlarında yer alır və gələcək mərhələdə gənc voleybolçuların hazırlanması üçün bu sistemin yaradılması nəzərdə tutulur. Bu proses mərhələli şəkildə, klubun ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək”.
Qeyd edək ki, UNEC komandası hazırda 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.