Frederiksen: Qrenlandiya satılmır və satılmayacaq...
Poliqon xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı iddialarına münasibət bildirərək, Kopenhagenin və Nuuk administrasiyasının vahid mövqedən çıxış etdiyini bəyan edib. Onun sözlərinə görə, Danimarka Qrenlandiyanın hər hansı formada ABŞ-nin nəzarətinə keçməsinə imkan verməyəcək.
Baş nazir qeyd edib ki, sabah Qrenlandiya və Danimarka nümayəndə heyətləri ABŞ tərəfi ilə danışıqlar aparacaq və bu görüşlərdə tərəflər birlik nümayiş etdirəcək.
“Biz birlikdəyik. Birlikdə qalırıq və birlikdə hərəkət edirik. Dialoqa açığıq və əməkdaşlığa hazırıq. Biz münaqişə axtarmırıq”, deyə baş nazir vurğulayıb.
Frederiksen qeyd edib ki, buna baxmayaraq Danimarkanın mövqeyi birmənalı və dəyişməzdir: “Mesajımız aydındır. Qrenlandiya satılmır. Biz bunu əvvəldən açıq şəkildə demişik”.
Baş nazirin sözlərinə görə, əgər məsələ təhlükəsizliklə bağlıdırsa, bu sahədə ABŞ ilə birgə görülə biləcək daha geniş və real imkanlar mövcuddur.
Danimarka hökumətinin başçısı əlavə edib ki, Kopenhagen və Nuuk təhlükəsizlik məsələlərində ABŞ-nin maraqlarını nəzərə almağa hazırdır, lakin bu, Qrenlandiyanın statusunun müzakirə predmeti olacağı anlamına gəlmir. O bildirib ki, sabahkı görüşdə də bu mövqe ABŞ nümayəndələrinə bir daha açıq şəkildə çatdırılacaq.
Qeyd edək ki, son illər ABŞ-nin Arktika regionuna artan marağı, xüsusilə Qrenlandiyanın strateji mövqeyi və təbii resursları Vaşinqtonun bölgədə təsir imkanlarını genişləndirmək niyyətləri ilə əlaqələndirilir. Danimarka və Qrenlandiya hakimiyyətləri isə bu cəhdlərə qarşı siyasi və hüquqi suverenlik mövqeyini qətiyyətlə müdafiə edir.
Poliqon.info