ain.az, Oxu.az saytına istinadən bildirir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Başköy necə Başqyuğ və Saralanc oldu?" adlı süjet hazırlanıb.
Qərbi Azərbaycan Xronikası: Addəyişmə terroruna məruz qalan Başköy, Baş Gərni və Baş Gözəldərə toponimləri
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başköy, Baş Gərni və Baş Gözəldərə toponimi haqqında söz açılır.
Bildirilir ki, Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsi XIX əsrin əvvəllərindən başlayaraq həyata keçirilib və məhz fitnəkar Çar Rusiyasının erməni siyasətindən sonra oğuz türklərinə məxsus məkanların izinin itirilməsi prosesinə start verilib.
Başköy - Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan rayonda kənd olub. Kənddə 1830-cu ilə kimi qarapapaqlar yaşayıb. Həmin ildən bura Türkiyənin Muş vilayətindən köçürülən ermənilər yerləşdirilib və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunublar. XX əsrin 20-cı illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ qoyulub.
Başköy - Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilib. 1946-cı ildə adı dəyişdirilib Saralanc qoyulub.
Baş Gərni - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk/Abovyan adlandırılan rayonda kənd olub. Kənd Gərni çayının mənbəyində salınıb. 1935-ci ildə adı dəyişdirilib Gərni qoyulub.
Baş Gözəldərə - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda kənd adıdır. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Ermənilər bura 1828-ci ildən sonra Türkiyədən köçürülüblər. 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulub.
Sonda vurğulanır ki, qədim türk torpağı olan bu məkanların çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var: "Məhz bu irsi qoruyub saxlamaq, yaşatmaq hər bir Qərbi azərbaycanlının mənəvi borcudur. Mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıdıb yaşamaq isə vacib şərt olmaqla yanaşı, beynəlxalq hüquqa dayanan təməl haqdır".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.