AZ

Su ehtiyatları və su infrastruktrunun idarə olunmasında yeni mərhələ - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Prezidentin rəhbərliyi altında baş tutan Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə özlüyündə Azərbaycanda su ehtiyatları və su infrastruktrunun idarə olunması istiqamətində tam yeni mərhələ və bu istiqamətdə müşahidə olunan problemlərin həllinə dair yeni yol xəritəsi hesab oluna bilər”.

Bunu Hafta.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda, xüsusən Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı bu və ya digər formada müəyyən problemlər müşahidə olunur. B.Məhərrəmov vurğulayıb ki, indiyə qədər çoxsaylı mütəxəssislər, ayrı-ayrı qurumlar məsələ ilə bağlı öz təklif və tövsiyələrini, narahatlıqlarını dilə gətiriblər, amma bu günə qədər səslənən fikirlərin heç biri Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi problemlər qədər əhatəli və dəqiq konturlara malik olmayıb:

“Bu onu göstərir ki, Azərbaycan dövlətinin başçısı problemlərlə bağlı köklü şəkildə məlumatlıdır, eyni zamanda Azərbaycan dövləti məsələyə isterik reaksiyanın tərəfdarı deyil. Azərbaycan dövləti məsələlərə daha təmkinli və həllyönümlü baxmaqda maraqlıdır. Kifayət qədər maliyyə tutumlu olmasına, kifayət qədər ciddi və problemli istiqamətləri əhatələməsinə baxmayaraq Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu problemlə bağlı konkret həllyönümlü yanaşmaları var. O cümlədən də cari Dövlət Proqramı artıq dövlətimizin müvafiq istiqamətdə konkret plana malik olduğunu göstərməkdədir. Ötən dövrün təcrübəsinə də baxsaq, xüsusən Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra ordakı su ehtiyatlarının səmərəli istifadəsi sahəsində zərurətə dövlətimizin verdiyi reaksiyaları təhlil etsək, həmçinin görülən çoxsaylı digər işlər - bu günə qədər digər ərazilərimizdə, xüsusən Bakının, Abşeron yarmadasının su təminatı ilə bağlı atılan addımları təhlil etsək, əminliklə demək olar ki, dövlətimiz ötən dövr ərzində kifayət qədər uğurlu bir nümunə ortaya qoyub. Bütün bunlar qəbul edilən Dövlət Proqramının sonrakı dövrlərdə uğurlu icrası istiqamətində artıq müsbət perspektiv vəd etməkdədir. Məsələ ilə bağlı Azərbaycan dövləti üçün qaranlıq qalan məqam yoxdur. Azərbaycan dövləti su təchizatı sistemləri, o cümlədən yağış və tullantı sularının idarə olunması, həmçinin Xəzər dənizinin duzlu suyunun duzsuzlaşdırılması istiqamətində çox aydın yol xəritəsinə malikdir”.

Tahirə Qafarlı

Seçilən
30
3
hafta.az

6Mənbələr